Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda məşhur zavodun çörəyindən naməlum QIRINTILAR ÇIXDI
"Nur" çörək zavodunun istehsal etdiyi çörəyin içərisindən naməlum qırıntılar çıxıb.
Bu barədə Oxu.Az-a hadisə ilə rastlaşan vətəndaş müraciət edib.
Şikayətçi Emil Qabulov qeyd edib ki, çörəyi srağagün metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı marketdən alıb:
"Nur" çörək zavodunun istehsal etdiyi 55 qəpiklik çörəyi aldım. Zavod çörəyi olduğu üçün həmişə istifadə edirik. Gətirib kəsəndən sonra bir az yedim, mədəmdə ağrılar yarandı. Sonradan gördüm ki, çörəyin içərisində mənşəyi məlum olmayan qara qırıntılar var. Bu, çörəyin qırıntıları və ya yanan hissəsi deyildi. Zavodla əlaqə saxlayandan sonra mənim onlara verməli olduğum sualı onlar mənə verdilər: "Çörəyin içərisində o qara qırıntılar nə edir?" Sonradan zavoddan başqa bir şəxslə danışdım, o, iş qəzası olduğunu dedi və kompensasiya ödəyəcəklərini qeyd etdi".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ agentliyin "1003" Çağrı Mərkəzi tərəfindən qeydə alınıb və nəzarətə götürülüb:
"Fakt qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər".
Qeyd edək ki, məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Məhərrəm Əliyev
Rəylər