Bayıl qəsəbəsində tikilməkdə olan Su İdmanı Sarayının ətrafındakı evlərin söküntüsünə başlanılıb. Bu, yerli sakinlərin narazılığına səbəb olub. Belə ki, onlar 1 kv.metrə görə təklif olunan 700-800 manatla razı deyillər.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimovun bildirdiyinə görə, Əhəd Yaqubov və Bibiheybət şosesinin kəsişməsindəki tikililər söküləcək.
Peşə liseyinin yataqxanasında məskunlaşmış 130-a yaxın məcburi köçkün ailəsi artıq köçürülüb. Onların köçürülməsini Qaçqınlarla İş üzrə Dövlət Komitəsi təmin edib. Onlar qaçqınlar üçün tikilmiş qəsəbələrdə ev alıblar.
Digər sakinlərə pul kompensasiyası verilir: qanuni daşınmaz əmlak haqqında sənədi olanlara bir kv.metrə görə 1500 manat veriləcək.
Ümumiyyətlə, heç bir sənədi olmayanlara isə kompensasiya inşaat materiallarının bazar qiymətləri üzrə tikinti xərclərini nəzərə alaraq ödənilir. Kompensasiyanın məbləği Dövlət Əmlak Komitəsinin komissiyası tərəfindən müəyyən edilib.
İ.Kərimov qeyd edib ki, bu ərazi Dövlət Neft Şirkətinin (SOCAR) balansındadır.
Öz növbəsində Səbail Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban İsmayılov bildirib ki, 13 birmərtəbəli ev söküləcək. Onun sözlərinə görə, yalnız bir evin qanuni mülkiyyət hüququ var. Bununla belə, dövlət sakinlərə güzəştə gedərək evlərin tikintisi zamanı inşaat materialları xərclərini nəzərə alaraq onlara kompensasiya ödəyir. Onun sözlərinə görə, “artıq sakinlərin çoxu kompensasiya alaraq gedib”.
“2-3 ailə qalıb, onlarla danışıqlar aparılır. Ümid edirik ki, onlar da özləri gedəcəklər”, - Q.İsmayılov qeyd edib.
Mülkiyyət hüquqları sahəsində ekspert, “İqtisadiyyata yardım” QHT-nin rəhbəri Zöhrab İsmayıl vəziyyəti şərh edərkən deyib ki, bu cür evləri qanunsuz saymaq düzgün deyil.
“Evlərin tikintisi zamanı adamlar bələdiyyələrdən, yerli hakimiyyətlərdən hansısa icazəni alıblar. Bundan əlavə, dövlət həmin evlərə kommunikasiya – qaz, su kəmərləri, elektrik ötürücüsü xətləri çəkib. Dövlət faktiki olaraq onların yaşayış hüququnu tanıyıb və sakinlər faktiki olaraq mülkiyyət hüququ əldə ediblər”, - Z.İsmayıl bildirib.
Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarı var ki, buna görə dövlət belə hallarda sakinlərə “adekvat kompensasiya” ödəməlidir.