Bakıda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şahidinin APA-ya verdiyi məlumata görə, Binəqədi rayonu ərazisində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında “Jeep” markalı və “NazLifan” markalı avtomobillər toqquşub.
Güclü zərbədən aşan “Jeep” markalı avtomobildə yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım cəlb olunub. “Jeep” markalı avtomobildə başlayan yanğın tez bir zamanda yanğınsöndürənlər tərəfindən söndürülüb. Xilasedicilər xüsusi avadanlıqlar vasitəsi ilə qadının cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Həlak olan “Lifan” markalı avtomobilin sürücüsü, Qarabağ əlili, 1975-ci il təvəllüdlü Sevil Abbasovadır. Ona əlillər üçün nəzərdə tutulan avtomobil iki ay əvvəl bağışlanıbmış.
Həmin avtomobildəki iki sərnişin də xəsarət alıb. Onlardan biri axar.az saytının əməkdaşı Nahid Cəbrayıldır. O, yazıçı-publisist Pərviz Cəbrayılın qardaşıdır. Xəsarət alan N.Cəbrayıl Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəstəxanaya üç yaralı gətirilib. Bunlar 1983-cü il təvəllüdlü Cəbrayılov Nahid Şahbaz oğlu, 1968-ci il təvəllüdlü Əliyeva Solmaz Valeh qızı (hər ikisi “Lifan”ın sərnişinidir) və “Jeep”-in sürücüsü, 1981-ci il təvəllüdlü Kərimov Rəşad Ağateyyub oğludur.
İlkin ehtimala görə, qəzaya “Jeep” markalı avtomobilin sürücüsünün ötmə qaydalarını pozması səbəb olub.