Bu gün səhər saatlarında Bakının mərkəzində özünü yandıran 20 yaşlı qızın bu addımı atmasının təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Səbail rayonunda baş verən hadisə nəticəsində bədəninin böyük hissəsi yanan Məleykə İntizam qızı Bayramlı hadisə baş verən yerə ağlaya-ağlaya gəlib.
Qız “məni zorladılar, məni zorladılar, tutun onları” - deyə ağlayandan sonra özünə od vurub. Qız yana-yana maşınlara tərəf qaçmağa başlayıb. Dərhal yaxınlıqdakı mühafizə polisinin əməkdaşları öz geyimləri ilə alovu söndürüblər.
Qeyd edək ki, qızın bədəninin 75 faizi yanıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Qızın bədənində 3-cü dərəcə yanıqlar var.
Məleykə Bayramlı əslən Lənkəran rayonundandır.
12:09
Bu gün paytaxtda daha bir nəfər özünə od vurub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, Mərkəzi Klinikanın yaxınlığında baş verib.
Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb.
Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.
Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir.
Xatırladaq ki, ötən gün Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd sakini Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurub.
Bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirib. O, ünvanlı sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını deyib.