Bakıda görkəmli şair Mikayıl Müfiqin adına park salınacaq.
Oxu.Az xəbər verir ki, bu barədə bakipost.az-a M.Müşfiqin heykəlinin götürülməsi barədə məsələyə münasibət bildirərkən xalq şairi Sabir Rüstəmxanlı məlumat verib. O bildirib ki, dünən M. Müşfiqin büstünün götürülməsinin cəmiyyətdə böyük ajiotaj yaratmasından sonra məsələ ilə maraqlanıb. Məlum olub ki, əslində, məqsəd Mikayıl Müşfiqin adına layiq yeni park salınmasıdır:
“Məsələ ilə bağlı siyasi baxışından, peşəsindən asılı olmayaraq insanların reaksiyası əslində, sevindirici haldır. O baxımdan ki, bu məsələ Azərbaycan ədəbiyyatına, tarixinə münasibətin hər kəsin diqqət mərkəzində olduğunu göstərir. Ancaq hesab edirəm ki, bu reaksiya bir qədər tələsik olub. Dünən məsələ ilə bağlı bir çox adamlarla danışdım və mənim özümdə də yaranmış narahatlıqlar aradan qalxdı. Əvvəlcə onu deyim ki, Müşfiqin heykəlinin qoyulduğu yer biz ziyalıların heç vaxt xoşuna gəlməyib. Son zamanlar orada yaxınlıqda restoranların tikilməsi, bir çox iaşə obyektlərinin açılması bu yeri bir qədər də gözdən salmışdı. Əvvəl heykəlin arxasında kitabxana var idi, indi onu restoran əvəz edib. Bir neçə yolun kəsişməsində salınan parkda bir küncdə Müşfiqin heykəlinin qoyulması çox əlverişsiz idi. Çünki Müşfiq günlərində orada heç bir tədbir keçirmək mümkün deyildi. İndi də məlum olur ki, əslində heykəlinin oradan götürülməsi, Müşfiqə olan hörmətsizlikdən deyil, əksinə, ona olan yaxşı münasibətdən irəli gəlir. Belə ki, dövlət Müşfiqin heykəlini öz adına layiq bir yerə qoyacaq.
Həmin ərazidə Müşfiqin şərəfinə yaradılan gözəl bir parkın mərkəzində onun götürülən heykəli yerləşdiriləcək. Ölkə başçısının da bu məsələdən xəbəri var”.
Millət vəkili Nizami Cəfərov da Müşfiq adına salınacaq parkla bağlı öz fikirlərini dilə gətirib. Deputat büstün yerləşdiyi əvvəlki məkanın o qədər də əlverişli olmadığı qənaətindədir:
“Mən də düşünürəm ki, o yer Müşfiqin büstü üçün o qədər də münasib deyildi. Çünki sıxlıq bir yerdir. Amma təbiidir ki, yeni salınacaq parkda büstü qoyulacaqsa bu, ən münasibidir. Çünki Müşfiq bizim ədəbiyyatımızın çox nəhəng bir simasıdır. Həm də taleyi elə gətirib ki, bu gün bizim xalqımız ona borcludur. Çünki o cür taleli insanlara daha çox diqqət yetirilməlidir. Bizim dövlətimiz də onları diqqətdən kənar qoymur. Təbii ki, onun barəsində nəisə düşünülür”.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, dövlət proqramına uyğun olaraq həmin ərazi genişləndiriləcək və orada 5000 kv.m-lik park və yaşıllıq zonası salınacaq:
“Həmin ərazidəki “Statistika dairəsi” ləğv ediləcək. Geniş park salınacaq. Müşfiqin büstü də həmin parkda ucaldılacaq. Düşünürəm ki, bu, Müşfiqsevərlər üçün xoş xəbərdir.
Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairə ləğv olunacaq. İnşaatçılar prospektindən gələn avtomobillər artıq birbaşa dairə olan istiqamətdə daxil ola bilməyəcəklər. Onlar Nərimanov prospektinə yönləndiriləcək. Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə geridönmə yaradılacaq. O yol da genişləndiriləcək. Paralel yol yaradılacaq. Nərimanov prospekti Nərimanov heykəlinə doğru bir istiqamətli olacaq.
Əks istiqamət üzrə də Abdulla Şaiq küçəsi yenidən qurulur. Əks istiqamətdə avtomobillər o yolla hərəkət edəcək. Abdulla Şaiq küçəsiylə Nərimanov prospekti Nərimanov heykəlinin qarşısında və Statistika dairəsinin yanında birləşdirilir.
Sırf 5000 kv.m-lik ərazidə yeni park olacaq. Mikayıl Müşfiqin də büstü ora qoyulacaq. Hesab edirəm ki, bu park görkəmli şairimizin adına layiq olacaq.
“Sovetski” ərazisində bu kimi dəyişikliklər planı ötən əsrdən var idi. Mərhum prezident Heydər Əliyevin arzusu idi bu işləri həyata keçirmək. İndi də bu işlər cənab prezidentimiz İlham Əliyevin bir başa nəzarəti ilə həyata keçirilir. Bu işlərin bir hissəsinə Füzuli küçəsinin genişləndirilməsi ilə 2014-cü ildə start verilib. Müşfiq parkının salınması da bu planın tərkib hissəsidir”.
A.M.
Rəylər