Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda icazəsiz küçəyə çıxan sürücülər saxlanıldı - RƏSMİ
“Sərt karantin rejimi qüvvəyə mindiyi vaxtdan etibarən karantin qaydalarını pozan nəqliyyat vasitələri müəyyən olunub”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, respublika ərazisində icazəsiz hərəkət edən avtomobillər müəyyən olunaraq, qanunvericilik normaları əsasında məsuliyyətə cəlb ediliblər:
“Sərt karantin rejimi ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun polis naryadları gücləndirilmiş iş rejimində çalışır. İki günlük küçəyə çıxmaqla bağlı karantin rejiminin tələblərinin pozulması ilə yanaşı, sözügedən ərazilərdə giriş-çıxış postlarından keçməyə cəhd edən nəqliyyat vasitələri də aşkarlanıb.
Həmin nəqliyyat vasitələri polis naryadları tərəfindən geri qaytarılıb. Karantin rejiminin tələblərini pozan hərəkət iştirakçıları ilə bağlı növbəti gün ərzində yekun məlumat veriləcək”.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Könül Cəfərli
Rəylər