Neçə gündür bütün Türkiyə və yerli mətbuat Özgecan Aslan faciəsi üçün ayağa qalxıb. Əlbəttə, gənc bir qızın həyatının bir vəhşi instinktə görə faciəvi şəkildə başa çatması insanı dəhşətə gətirir. Bunu törədənlər həbs edildi, ilkin cəzalarını da (elə təcridxanada) məhkəmədən artıq elə məhbuslar tərəfindən aldılar.
Bir insan kimi buna etiraz edirəm. Etirazla, üsyanla, bunu edənlərə qarşı nifrətlə razıyam. Amma çıxış yolu ətək geyinməkdə deyil!
Bəlkə mən anlamıram bu ətək məsələsini? Bu aksiyaya bir neçə azərbaycanlı gənc də qoşuldu. İnciməyin, bu hərəkəti bəyənmədim! Məncə, buna etiraz mini ətək geyinib, şəkil çəkdirib internetdə paylaşmaqla bitməməlidir. Bəs sizcə?
İnanmıram ki, Babək, Koroğlu nəslinin nümayəndələri o qədər aciz oldular ki, çıxış yolunu ətək geyinməkdə gördülər.
KİV-də çıxan gündəlik xəbərlərdə 10-dan 3-ü zorlanma haqqındadır. Bu dəhşətlə sağ qalıb həyatını davam edənlər də var, özünə qəsd edənlər də, ört-basdır edənlər də.
Həmişə də verdikt eynidir - “ÖZÜ GÜNAHKARDIR!”, “O saatda orda nə işi var idi?”, “Dəlidi? Adam da internetdə tanış olduğu birinə inanar?”, “Bunun valideyni kordu?”, “Elə qızı öldürərdim!” və s..
Öldürürsüz də! Qınağınızla, başına gələn dəhşətin onun günahı ucbatından olduğunu iddia edərək!
Heç kim, o qadınların arasında ailəsinin maddi vəziyyəti ucbatından axşam saatlarına qədər işləməyə məcbur qalanların da olduğunu düşünmür. Evə gec gəlirsə, demək pis yolun yolçusudur?!
Amma Avropaya inteqrasiya deyib bar-bar bağıran da bizik. Mentalitet var deyib qürrələnən də bizik!
“Bakıda iki kişi bir qadını zorladı...” – bu bir xəbər başlığıdır. Rəylər: Qadının özü günahkardır.
Ən dəhşətlisi isə “Əşşi, himenoplastika var, bir şey olmaz” yazan da oldu. Sözün bitdiyi an!
Niyə “DƏHŞƏT!”, “QADINA ŞİDDƏTƏ YOX!” deyə qışqırmırsız? Niyə?
Bir az ədəbsiz də çıxsa deyəcəm. Bizdə “İnək göz eləməsə, öküz oppanmaz!” deyirlər. Hə, əlbəttə, özü günahkardır. Bir anlıq o qadının aldığı psixoloji və fiziki travmanı düşünün. Nə qədər ki, bu qəbildən olan vəhşiliklərə ictimaiyyət qınaq rakursundan yanaşacaq, bu hadisələrə son qoyulmayacaq.
Erkən nikahlar, yeniyetmələr arasında intiharlar, erkən doğuşlar üzündən ölümlər və zorlanmaların statistikası hamısı qadına şiddətin göstəricisidir. Bu rəqəmlər, cəmiyyətimizdə nə qədər çalışsaq da, hələ də cahilliyin mövcud olduğunun sübutudur. Heç bir dünya prosesindən geri qalmayan, ən nüfuzlu tədbirlərin, təşkilatların üzvü olan, dünya səviyyəli qurumlarda sözünü deyə biləcək ölkəmiz var. Amma təəssüf ki, bu hadisələrə münasibət dəyişmir, eyni cür davranırıq. Qınayırıq, günahlandırırıq və susuruq.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu maddəsində bu cinayət üçün nəzərdə tutulmuş cəzanın daha da sərtləşdirilməsini tələb etmək lazımdır, ətək geyinmək yox.
Bunun cəzasını qanunvericiliklə, sivil şəkildə tələb etmək lazımdır, göstəri üçün yox!
Səbinə Səmidxan
www.oxu.az