Bakı Şəhər Prokurorluğunda 2026-cı ilin birinci yarımilinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Oxu.Az xəbər verir ki, müşavirədə cari ilin ilk altı ayı ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə ümumilikdə 6 909 cinayət hadisəsinin qeydə alındığı bildirilib. Vurğulanıb ki, bu cinayətlərin 93.2 faizinin açılması təmin edilib.
Hesabat dövründə paytaxtda törədilən qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətlərinin hər biri operativ şəkildə açılıb.
Bakı Şəhər Prokurorluğu tərəfindən 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 70-i baxılması üçün məhkəməyə göndərilib. Daxili işlər orqanlarının istintaq qurumları isə 3 148 cinayət işinin istintaqını başa çatdıraraq, 2 338 işi məhkəmə icraatına təqdim edib.
İbtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat maddi ziyanın 6 milyon 432 min 712 manatı (73.2 faizi) artıq ödənilib.
Müşavirədə axtarışda olan və xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində tədbirlərin gücləndirilməsi, artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası və əvvəlki illərdən bağlı qalmış qəsdən adamöldürmə cinayətlərinin açılması ilə bağlı konkret tapşırıqlar verilib.
Hesabat dövründə Bakı Şəhər Prokurorluğuna 10 573 müraciət daxil olub. Ümumilikdə 1 299 vətəndaş qəbul edilib ki, onlardan da 173-ü şəxsən Bakı şəhər prokuroru tərəfindən qəbul olunub.
Sonda qeyd olunub ki, hesabat dövründə intizam qaydalarını pozan bir əməkdaş tutduğu vəzifədən azad edilib.