Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) qadınların sosial şəbəkələrdəki fotolarının süni intellekt proqramları vasitəsilə dəyişdirilərək yayılması ilə bağlı məlumatlar daxil olub. Naməlum şəxslərin fotoların üzərinə nalayiq ifadələr yazaraq sosial media platformalarında paylaşdıqları və bu görüntülərin silinməsi müqabilində zərərçəkənlərdən pul tələb etdikləri məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər "TikTok", "Instagram" və "Telegram" kimi sosial şəbəkələrdən qadınlara məxsus fotoşəkilləri götürərək süni intellekt proqramları vasitəsilə montaj ediblər. Onlar görüntülərin üzərinə təhqiramiz məzmunlu məlumatlar əlavə edərək saxta profillər vasitəsilə yayımlayıblar. Daha sonra isə görüntülərin silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.
Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb və hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşların diqqətinə çatdırır ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşılan foto və videogörüntülər cinayətkar məqsədlərlə dəyişdirilə və montaj edilə bilər. Bu səbəbdən vətəndaşlara şəxsi foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamaq, şübhəli mesaj və təkliflərə etibar etməmək tövsiyə olunur.