Ötən gün Bakı Sosial Pedaqoji Kollecinin tələbəsinin başına şkaf aşıb.
Oxu.Az xəbər verir ki, əldə olunan məlumata görə, kollecin tələbəsi dərs zamanı xəsarət alıb. Onun başına şkaf aşıb. Qız ağır vəziyyətdə özəl klinikalardan birinə yerləşdirilib.
Hadisəni dəqiqləşdirmək üçün Bakı Sosial Pedaqoji Kollecilə əlaqə saxladıq. Kollecin tədris işləri üzrə direktor müavini Mətanət Mirzəyeva bildirib ki, hadisə dünən saat 17:30-da baş verib. Onun sözlərinə görə, əslində hadisə barədə məlumat verilərkən şişirdilib.
“Kollecin II kurs tələbəsi, 1998-ci il təvəllüdlü M.M. dünən dərsdə olarkən üstünə şkaf aşıb. Qız şkafa tədris vəsaitələrini yığarkən şkaf ağırlığa tab gətirməyərək aşıb. Şkafın 6 qapısı da açıq olduğu üçün tarazlıq pozulub. M.M. ayağından xəsarət alıb. Hazırda evdədir. Heç bir problemi yoxdur”, - deyə, Mətanət Mirzəyeva bildirib.
Xəsarət alan tələbə ilə əlaqə saxlamaq istədik. Lakin M.M. hadisə ilə bağlı açıqlama vermək istəmədi:
“Mən bu barədə açıqlama vermək istəmirəm”.
Lakin son məlumata görə, hadisə nəticəsində əslində bir tələbə qız deyil, ümumilikdə 3 tələbə qızın xəsarət aldığı məlum olub. Onların xəsarət almasına səbəb isə dəhlizdəki stendin şüşəsini silmələri olub. Stend qırılıb və şüşələri qızların əl-ayaqlarını kəsib (ANS PRESS).
