Fövqəladə Hallar Nazirliyi Bakıda intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-dən Oxu.Az-a verilən məlumata əsasən, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda altı nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.
Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində məlum olub ki, vətəndaşlar tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxslər fikirlərindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil veriliblər.
Əməliyyat saat 18:17-də başa çatıb.
18:42
Bakıda binanın damına çıxaraq intihara cəhd etmək istəyən şəxslər fikirlərindən daşındırılaraq aşağı düşürülüblər.
Oxu.Az xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Azərbaycan prospekti, 1 a ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının damına çıxan şəxslər Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının apardıqları danışıqlar nəticəsində fikirlərindən daşınıblar.
Aşağı düşürülən şəxslər tikinti şirkətlərindən birində fəhlə kimi çalışdıqlarını, gecikdirilən əmək haqlarını tələb etdiklərini deyiblər. Lakin onlar çalışdıqları tikinti şirkətinin adını bilmədiklərini söyləyiblər.
1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Fehruz oğlu, onun qardaşı, 1988-ci il təvəllüdlü Sərxan Məmmədov, 1988-ci il təvəllüdlü Bağırov Şamxal Məhərrəm oğlu, onun 1985-ci il təvəllüdlü qardaşı Vüqar Bağırov, 1986-cı il təvəllüdlü Əliyev Aqil İbrahim oğlu və 1995-ci il təvəllüdlü Salahov Həsrət Mustafa oğlu Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparılıblar.
18:02
Bakıda bir neçə şəxs intihara cəhd edir.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində Mərkəzi Univermağın (MUM) yanında qeydə alınıb.
Şəxsiyyəti hələlik məlum olmayan 5 nəfər şəxs 15 mərtəbəli binanın damından özlərini atmaq istəyirlər.
Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Elvin Əhmədov
FOTO: Adıgözəlli Rəşid
www.oxu.az