Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda keçirilən əməliyyat barədə məlumat açıqlayıb.
DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilib ki, daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində Bərdə rayonunda növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Nazirliyin xüsusi təyinatlı polis qüvvələri cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Rayon Polis Şöbəsi əməkdaşlarının dünən və bu gün həyata keçirdikləri tədbirlərlə 7 Bərdə sakini saxlanılıb. Onların 5-i əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.
Həmin şəxslərin üzərlərinə baxış zamanı 1 tapança, 5 qumbara, müxtəlif çaplı 145 ədəd patron, 1 ov tüfəngi və 1 kiloqrama yaxın ağır növ narkotik vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
11:50
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və Baş Narkotiklərə qarşı Mübarizə İdarəsi Bərdə rayonunda əməliyyat keçirib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gecəyarısı həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfərdən çox şəxs saxlanılıb.
Saxlanılan şəxslərin rayonda narkotik vasitələrin satışı ilə məşğul bildirilir. Onların arasında Bərdədə kriminal vəziyyətə nəzarət etmək iddiasında olanların olduğu da qeyd edilir.
Xatırladaq ki, oxşar əməliyyat bir neçə gün əvvəl Hacıqabul rayonunda da həyata keçirilib.
E.Ə.
www.oxu.az