Azərbaycanda 8 ay əvvəl törədilən qətlin üstü açılıb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunur ki, daxili işlər və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir ağır cinayətin üstü açılıb və həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs yaxalanaraq istintaqa təhvil verilib.
Məlum olduğu kimi, bu il aprelin 14-də Qax rayon sakinləri Besarion və İase Rostiaşvili qardaşlarının yaşadıqları mənzillərdə üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış tədbirlərlə qətlin Qax rayon sakini Vasif Mustafayev tərəfindən tamah məqsədi ilə törədildiyi müəyyənləşib.
Araşdırmalarla o da müəyyən edilib ki, hadisədən bir neçə gün əvvəl qardaşlar özlərinə məxsus torpaq sahəsini 18 min manata satıblar. Bu alqı-satqı əməliyyatından xəbər tutan V.Mustafayev həmin vəsaiti ələ keçirmək üçün onları qətlə yetirməyi planlaşdırıb və cinayətkar niyyətini aprelin 14-də həyata keçirib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.