Bakının Nərimanov rayonunda Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin girişində yerləşən və aşma təhlükəsi yaradan ağacın vəziyyəti daha da pisləşib.
Bununla bağlı Oxu.Az-a sakinlər müraciət ediblər.
Onlar qeyd ediblər ki, güclü yağışdan sonra ağac daha da əyilib:
"Ağacın aşma riskinin artmasına baxmayaraq, indiyədək problemin aradan qaldırılması üçün hər hansı bir tədbir görülməyib, maraqlanan yoxdur".
Sakinlər qeyd ediblər ki, ağacın aşması məktəbə gedib-gələn uşaqların, eləcə də ərazidən keçən insanların həyatı üçün ciddi təhlükə yarada bilər.
Onlar aidiyyəti qurumları təhlükəli vəziyyətə dərhal müdaxilə etməyə və mümkün bədbəxt hadisənin qarşısını almaq üçün tədbirlər görməyə çağırıblar.
