Bakıda yaşayan Milli Qəhrəman ailəsi evsiz qalıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu Elşən Süleymanov küçəsi 126 mənzil 149 da müvəqqəti yaşayan Milli Qəhrəman Elman Hüseynovun ailəsi evsizlik problemi yaşayır.
Onun həyat yoldaşı Svetlana Süleymanovanın tək istəyi qəhrəman ailələrinə verilən evlərdən onlara da pay düşməsidir.
“Elman Hüseynov Tərtərdən Vəng yüksəkliyinə qədər torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Həmin vaxtdan 21 il keçsə də ailəsinə torpaq verilmir”, - deyə Svetlana Süleymanova bildirib.
Milli Qəhrəmanın 3 övadı var. Onlardan biri ailəlidir. Onların hazırda yaşadıqları ev Sevtlana xanımın qardaşının adınadır. Orada da onlar müvəqqəti sığınacaq tapıblar. Milli Qəhrəmanın ömür-gün yoldaşının sözlərinə görə, o, 2010-cu ildən Nizami rayonunda qeydiyyatdadır. Elə o vaxtdan da rayon icra hakimiyyətində də ev növbəsinə dayanıb. Ancaq aidiyyatı qurumlardan heç olmasa bir otaqlı ev belə ala bilmir.
Problemlə əlaqədar Nizami Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Nazirlər Kabinetinin qərarına əsasən vətəndaşların mənzil növbəsinə qəbul edilməsilə bağlı məsələdə qeyri-müəyyənlik yaranıb. Buna görə də, vətəndaşların ev növbəsinə qəbulu dayandırılıb.
Bundan başqa, qurumdan onu da əlavə ediblər ki, Svetlana Süleymanova 2010-cu ilə kimi Sabunçu rayonunda qeydiyyatda olub. Başqa sözlə, o, quruma 4 ildir müraciət edib. Ev verilməsi üçün isə minimum 7 il gözləmək lazımdır.