Bakıda parkinqlərə görə ödənişlər qaldırılıb.
Oxu.Az-ın məlumatına görə, parkinqlərdə bu ildən qiymətlər iki dəfə artırılıb.
Paytaxtda Qış Parkında yerləşən parkinqdə bir avtomobil üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manatdan 80 manata qaldırılı.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a bildirdi ki, parkinq işləri ilə bağlı ciddi iş aparılır:
“Hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri arasında, eyni zamanda, Neftçilər prospekti-Hökumət evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacağında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.
Bu istiqamətdə ciddi iş aparılmaqdadır. İşlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq”.
Yol-nəqliyyat üzrə ekspert Azər Allahverənovun isə Oxu.Az-a açıqlamasında bildirdi ki, qiymətlərin iki dəfə artırılması yolverilməzdir:
“Ötən il Bakıda parkinqlərə nəzarət Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilib. Üç ay ərzində həmin dayanacaqlar barədə təkliflər hazırlanmalı və işlər tamamlanmalı idi. Lakin 2018-ci ilin axırına kimi bu işlər tam yekunlaşmadı. Bu işlər başa çatmadığı üçün qiymətlər də tənzimlənməyib”.
Ekspert qeyd edib ki, qiymətlərin süni şəkildə kim tərəfindən artırıldığı məlum deyil:
“Burada söhbət, sadəcə olaraq, qeyri-rəsmi müstəvidə baş verən qiymət artımından gedə bilər. Çünki həmin dayanacaqlar BNA-ya verilməmişdən əvvəl Bakı şəhər İH-nin nəzarəti altında hansısa MMC tərəfindən idarə edilirdi.
Əgər BNA-nın qiymət artımı barədə qərarı yoxdursa, deməli, böyük ehtimalla təhvil-təslim işləri tam başa çatmadığından həmin MMC bu gün də təsir rıçaqlarını müəyyən mənada əlində saxlayır və qiymətin dəyişdirilməsi barədə qərar verir.
Bütövlükdə isə qiymətin iki dəfə artırılması yolverilməzdir və indiki vəziyyətdə qanunsuzdur. Parkinqlərdə qiymət siyasətinə nəzər salınmalı və bu problem həll edilməlidir”.
İlhamə Əbülfət
Rəylər