Bakının Nəsimi rayonunda yaşı 130-a açtan bina insanların üzərinə uçur.
Oxu.Az xəbər verir ki, Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində yerləşən 140 saylı evin sakinləri artıq bir neçə ildir ki, qorxu içində yaşayırlar.
1890-cı ildə inşa olunumuş bina bir dəfə də təmir olunmayıb, sonuncu zəlzələdən sonra bəzi mənzillər qəzalı vəziyyətdədirlər.
Ev sakinlərinin sözlərinə görə, zəlzələyə heç bir ehtiyac yoxdur, artıq “bina özü uçur”.
Sakinlər problemlə bağlı Mənzil-İstismar İdarəsinə müraciət ediblər. Öz növbəsində Mİİ-nin rəisi Mirkazım Əliyev Mənzil-Kommunal Təsərrüfat Birliyinə ərizə ilə müraciət edib və aşağıdakı cavabı alıb: “binanın təmiri üçün pul ayrılanda təmir edəcəyik”. İndi sakinlər ümidlə yaşayırlar ki, bina onların yaxud da başqa birinin başına uçmayacaq.
Xatırladaq ki, bir neçə ay əvvəl 9-mərtəbəli binadan qopan daş küçədən keçən gəncin başına düşmüşdü və onun həyatına son qoymuşdu.
Elvin Əhmədov
www.oxu.az