Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrindən birində dəhşətli hadisə baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Nərimanov rayonu Həsən Əliyev küçəsi 116 ünvanında yerləşən “Medistyle” klinikasında Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Hakan Karadeniz intihar edib.
H.Karadeniz xəstəxanada olarkən qoluna sistem aparatının iynəsini sancıb və bu yolla bədənindəki qanı bütünlüklə boşaldaraq intihar edib. Onun meyitini klinikada işləyən tibb bacısı aşkarlayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, H.Karadeniz tibb sahəsində çalışırmış. O xeyli müddətdir ki, “Medistyle” klinikasının baş həkimi Barat Yusifovla dostluq münasibətləri saxlayırmış. Bildirilir ki, bir müddət əvvəl Bakıya gələn türkiyəli həkimin öz ölkəsində xeyli problemləri varmış.
“Medistyle” xəstəxanasının baş həkimi Barat Yusifov faktı təsdiqləyib. Baş həkim bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır:
“Uzun müddət dostluq etdiyimiz şəxs idi. Bakıya qonaq gəlmişdi, burada da intihar edib”.
Hadisə ilə bağlı cinayət işi açılıb. İntiharın səbəbləri və digər təfərrüatlar araşdırılır.