"Yanğın nəticəsində məhv olmuş ağacların əvəzinə yeniləri əkiləcək".
Bunu Oxu.Az-a açıqlamasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev deyib.

O bildirib ki, mayın 31-i Xətai rayonu, Gəncə prospekti, 25 ünvanında yaşıllıq sahəsində baş verən yanğın zamanı 28 ağac və kol bitkisi yanaraq məhv olub:
"Araşdırma nəticəsində təbiətə 13 440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Yanğının baş vermə səbəbinin müəyyənləşdirilməsi, eyni zamanda təqsirkar şəxslərin müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır".
Qafar Ağayevin sözlərinə görə, baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə yanmış ağacların əvəzinə əkin mövsümündə yeni ağacların əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinə və Xətai rayon İcra Hakimiyyətinə müraciət olunub.
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 27 və 25A ünvanı arasındakı yaşıllıqların qəsdən yandırıldığı iddia edilir.
Bu barədə Oxu.Az-a həmin ünvanda yaşayan sakin məlumat verib.
O bildirib ki, artıq yaşadıqları ünvanın yaşıllıq zonasında altıncı dəfədir, yanğın baş verib, nəticədə 50 ağac məhv olub:
"Mayın 31-nə keçən gecə, təxminən saat 23:00-da Xətai rayonu, Gəncə prospekti, 27 və 25A binaları arasındakı yaşıllıq zonasında artıq altıncı dəfədir, yanğın baş verib. Alov təxminən 50 ağacı məhv edib və zədələyib, biz kölgədən, rahatlıqdan və ətrafımızın yaşıl gözəlliyindən məhrum edilmişik. Bu ərazidə yaşayan sakinlər bu yaşıllığı həmişə yüksək dəyərləndirib və qoruyublar.
Altıncı dəfə baş verən bu hadisənin artıq təsadüf olmadığını düşünürük. Güman edirik ki, bu yanğınların arxasında qəsdən törədilmiş əməllər dayana bilər. Buna görə də ərazidə və torpaqda hərtərəfli ekspertiza aparmağı xahiş edirik ki, yanğının səbəbləri müəyyənləşdirilsin. Həmçinin zərər görməmiş ağacların dövlət mühafizəsinə götürülməsini istəyirik.
Xahiş edirik ki, suvarma sistemlərinin təşkili və digər mühafizə tədbirlərinin həyata keçirilməsi imkanları nəzərdən keçirilsin ki, bu yaşıllıqlar bir daha təhlükə qarşısında qalmasın".
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.
"Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 27 və 25A ünvanı arasındakı yaşıllıqlar qəsdən yandırılır" - İDDİA#yanğın pic.twitter.com/fMLNkRHBEG
— Oxu.Az (@oxuaz) June 2, 2025
Aygün Mirakif