Bakıda bir qrup sakin ətrafda səs-küy salan balacaların əyləncələrinə qənim kəsiliblər.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bir müddət öncə “Gənclik” metrostansiyasının yaxınlığında istismara verilən “Dədə Qorqud” parkı daha çox uşaqların sevimli məkanlarına çevrilib. İstilər düşdükdən sonra parkda yerləşən süni göldə balacalar sərinləmək üçün çimirlər.
Lakin onların bu əyləncəsi bəzilərinin narahatlığına səbəb olub:
“Havalar istiləşəndən göldə yarıçılpaq uşaqlar çimirlər və bizim istirahətimizə maneə törədirlər”, - ərazidə istirahət edən vətəndaşlar söyləyir.
Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətindən Milli.Az-a parkda baş verənlərdən xəbərdar olduqlarını bildirdilər.
“Bu gün səhər artıq İcra Hakimiyyətinə bu barədə məlumat daxil olub. Ola bilsin ki, uşaqlar orada mühafizə xidməti olmayanda çimirdilər. Artıq bu barədə ölçülər götürülüb, yaxın günlərdə tədbirlər görüləcək”.