Balkan müxtəlif ölkələrdə onlarla insanın ölümü ilə nəticələnən əsl axirət daşqınının episentrində olub.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, Bosniya və Herseqovinada 17 nəfər təbii fəlakətin qurbanı olub.
Kəndlər bütövlüklə su və torpaq altında qalıb.
Bosniyanın şimal-şərqində üç mindən artıq insan təxliyyə edilib. Meteoroloqların sözlərinə görə, bu daşqın son illərin ən güclü daşqını olub.
“Mən yenidən ev tikə bilmərəm. Bilmirəm nə edim, buna dözə bilməyəcəm. Yəqin ki, bu problemlərdən birdəfəlik yaxa qurtaracam...” - yerli sakinlərdən biri deyib.
Yalnız evlər deyil, insanların gözü qarşısında həyatları da məhv olur. Halbuki, bu insanlar 90-cı illərin qanlı hadisələrindən indi özlərinə gəlirlər. Bosniyada, həmçinin torpaq və su altında qalmış minaların sürüşmə və daşqın zamanı üzə çıxması təhlükəsi də yüksəkdir.
Qurtarma işləri tam sürəti ilə gedir. İnsanlar və heyvanlar yardım gözləyirlər.
Serbiyanın Obrenovas şəhərinin sakinləri Belqradda məktəblərin birinin idman zalında sığınacaq tapıblar. Humanitar yardım da bura daxil olur. Serbiyada təxliyyə edilənlərin ümumi sayı 25 mini keçib.