Bakının Nərimanov rayonu, İslam Abışov küçəsində fəaliyyət göstərən zavoddan yayılan tüstü ətrafdakı müəssisələrin işçilərinin narazılığına səbəb olub.
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, ərazidə çalışanların sözlərinə görə, müəssisənin bacasından günün 24 saatı tüstü çıxır. Bu isə onların normal nəfəs almasına və açıq havada işləməsinə mane olur.
"Tüstüdən nəfəs almaq mümkün deyil. O qədər çox tüstü olur ki, burada işləyən, yaşayan hər kəs şikayətçidir. Belə bir mühitdə işləmək çox çətindir", - deyə şikayətçi Nəsib Qəhrəmanov bildirib.
Müəssisə rəhbərliyinin nümayəndəsi isə iddialarla razılaşmayıb. O bildirib ki, istehsalat prosesi ekoloji normalara uyğun həyata keçirilir və bununla bağlı bütün zəruri sənədlər mövcuddur.