Azərbaycanda zeytun yığımı mövsümü davam edir. Elə bu ərəfədə Dənizkənarı Milli Parkda Zeytun Festivalına start verilib.
Oxu.Az xəbər verir ki, oktyabrın 25-dək davam edəcək festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrini təbliğ etmək, yerli istehsalçıları tanıtmaq və dəstəkləmək, eləcə də bu sahədə milli brendin formalaşmasına töhfə verməkdir.
Festival Dövlət Turizm Agentliyinin və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, "Absheron Olive Gardens" və "Olivea" zeytun məhsullarının sponsorluğu ilə keçirilir.
Festival ərazisində qurulan pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim olunur.
Süfrələrimizin ayrılmaz neməti, bolluq və bərəkət rəmzi olan zeytun festivalın əsas mövzusudur. Tədbir zeytunçuluq ənənələrinə, yerli məhsullara və bu sahədə çalışan insanların əməyinə diqqət çəkmək üçün gözəl fürsətdir.
Festivalın yerli sakinlərin və xarici qonaqların sevimli gəzinti məkanlarından biri olan Dənizkənarı Milli Parkda təşkili zeytun və zeytun məhsullarının daha geniş auditoriyaya tanıdılmasına imkan yaradır.
Üç gün davam edəcək festival çərçivəsində ziyarətçilər üçün maraqlı mədəni və əyləncə proqramı hazırlanıb.
Tədbirin ilk günü DJ Kamonun dinamik musiqiləri ilə yadda qalıb.
Festival boyunca ziyarətçiləri ləziz məhsullar, canlı musiqi, sənət nümayişləri, uşaq əyləncə zonası və ailəvi istirahət üçün xoş ab-hava gözləyir.
Sabah, oktyabrın 24-də festivalın musiqi proqramı sevilən ifaçı Rilayanın çıxışı ilə başlayacaq. Daha sonra səhnəyə tanınmış müğənni Mərdan Kazımov çıxacaq. Həmin gün axşam konsertində reper və mahnı müəllifi Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva tamaşaçılar qarşısında çıxış edəcəklər.
Oktyabrın 25-də günorta konserti "Wave Band" qrupunun çıxışı ilə başlayacaq. Daha sonra musiqi proqramı Teymur Süleymanbəylinin və "Excellent Band" qrupunun ifaları ilə davam edəcək.
Festivalın sonuncu günü axşam konsertində Azad Şabanov və Zamiq Hüseynov səhnəyə çıxacaqlar. Xalq artisti Aygün Kazımova isə ifaları ilə festivalın musiqi proqramına yekun vuracaq.
Festival ərazisinə giriş, eləcə də əyləncə və konsert proqramlarında iştirak ödənişsizdir.