Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Səbail rayonunda baş vermiş dava-dalaşla bağlı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Prokurorluğundan Lent.az-a verilən məlumatda bildirilənə görə, iyulun 22-də saat 05:30 radələrində paytaxtın Səbail rayonu ərazisində, “Xəqani” bağının yaxınlığında Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Quliyev Şahin Elçin oğlunun bədəninin müxtəlif nahiyələrindən aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Şirvan şəhər sakini Kərim Kərimov həmyerliləri Fuad Əliyev, İlham Şadıyev və Əli Süleymanov ilə birlikdə “Xəqani” bağında olarkən ictimai qaydanı kobud şəkildə pozaraq Şahin Quliyevlə mübahisə ediblər.
Bu zaman K.Kərimov üstündə gəzdirdiyi bıçaqla, Fuad Əliyev isə fiziki zor tətbiq etməklə Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Kərim Kərimov və Fuad Əliyev tutularaq istintaqa cəlb olunub. K.Kərimovun üzərinə baxış keçirilərkən bir ədəd bıçaq və “beşbarmaq” aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
13:30
Bakıda 25 yaşlı gənc bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 22-də saat 05:35 radələrində, Rəsul Rza küçəsində yerləşən Xaqani bağının yaxınlığında baş verib.
Xəsarət alan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyev 4 bıçaq yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şirvan şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kərim Kərimov, 1992-ci il təvəllüdlü Əli Süleymanov, 1993-cü il təvəllüdlü Fuad Əliyev və 1995-ci il təvəllüdlü İlham Sadıyev saxlanılıblar.