Bakının "Aşiqlər parkı" adlandırılan ərazisində antisanitariya hökm sürür.
Bu barədə Oxu.Az-a şəhər sakinləri müraciət ediblər.
Müraciətdə bildirilib ki, Milli Elmlər Akademiyasının qarşısında yerləşən park haqlı olaraq Bakımızın ən gözəl və ab-havalı yerlərindən biri hesab olunur. Bura şəhərimizin qonaqları və paytaxt sakinləri üçün populyar istirahət məkanıdır. Onun möhtəşəm ağacları və fəvvarəsi ən isti saatlarda ziyarətçilərə sərinlik bəxş edir.
Lakin çox az adam bilir ki, Akademiya binasının arxasında heç də az kölgəli olmayan daha bir park yerləşir. Buraya qonşu məhəllələrin sakinləri gəlir, ətraf universitetlərin tələbələri toplaşır, uşaqlar burada sərbəst şəkildə velosiped sürə bilirlər. Bu parkda ev heyvanlarını gəzdirirlər, burada ən müxtəlif yaşlardan olan insanlar gəzintiyə çıxır və idmanla məşğul olurlar. Bu park sevən cütlüklərin sevimli məkanıdır. Əbəs yerə xalq arasında bu yeri "Aşiqlər parkı" adlandırmırlar.
Ancaq buna rəğmən, əraziyə uzun müddətdir ki, lazımi səviyyədə qulluq olunmur.
Göndərilən şəkillərdən də görünür ki, parkın müxtəlif hissələrinə məişət tullantıları atılıb, zibil qabının ətrafı çirklənib, torpaq quruyaraq çatlayıb, yaşıllıq sahələri isə, demək olar ki, məhv olub. Sakinlərin sözlərinə görə, ağaclar vaxtında suvarılmır, qazon və kollara isə, demək olar ki, qulluq olunmur.
Bundan başqa, ərazidə müşahidə kameralarının və kifayət qədər işıqlandırmanın olmaması da narahatlıq doğuran məsələlər sırasındadır.