"Ankarada keçirilən NATO sammitində Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması, tərəflər arasında sülh sazişi layihəsinin mətninin razılaşdırılması əsas mövzulardan idi".
Bu fikirləri Oxu.Az-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.
Ekspert bildirib ki, terrorçuluğa qarşı mübarizə, regional problemlərin və Avropa, Asiya və digər bölgələrdəki münaqişələrin yaratdığı risklərin qiymətləndirilməsi gündəlikdə yer almışdı:

"Eyni zamanda, əməkdaşlığın genişləndirilməsi və tərəflər arasında körpülərin qurulması məsələləri də müzakirə olundu. NATO və tərəfdaş ölkələr arasında silah istehsalı, əlaqələndirici qurumların yaradılması, müvafiq proqram təminatı və qarşıdakı 10 ili əhatə edən planlar prioritet idi. Süni intellektdən istifadə də innovativ yanaşma kimi qiymətləndirildi. Həmçinin Avropanın təhlükəsizliyi, sərhədlərdə mövcud olan problemlər, Ukrayna və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Ölkələrin müdafiə xərclərinin artırılması da xüsusi vurğulandı. Rəsmi Kiyevə göstərilən dəstəyin artırılması, Ukrayna silahlı qüvvələrinin bərpası və silahla təmin olunması məsələləri də gündəlikdə yer aldı. Ən vacib mövzu isə Rusiya-Ukrayna müharibəsində sülhün təmin edilməsi idi. ABŞ və digər ölkələrin mövqeləri qiymətləndirildi. Avropa ölkələri ənənəvi olaraq Ukraynanın ərazi bütövlüyünün təmin olunmasını dəstəklədiklərini bildirdilər. Eyni zamanda qaçqınlarla bağlı məsələlər də qaldırıldı. Prioritet məsələlər əsasən Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdi".
E.Səfərov əlavə edib ki, Ukrayna ilə Rusiya arasında hazırlanmış sülh müqaviləsi layihəsinin mətninin təkmilləşdirilməsi, bu məsələnin rəsmi gündəliyə salınması və hər iki ölkənin buna razılıq verməsi üzərində dayanılıb:
"Rusiya öz müddəalarını irəli sürüb, Ukrayna da öz mövqeyini təqdim edib. Məqsəd ortaq variantın tapılması, açıq qalan və müzakirə olunan məsələlərin yenidən nəzərdən keçirilməsi, ortaq nöqtələrin müəyyən edilməsidir. Sammitdə ilin sonuna qədər Rusiya və Ukrayna arasında atəşkəsin və ya müvəqqəti sülh sazişinin imzalanması perspektivləri müzakirə olundu. Rusiyanın irəli sürdüyü prinsiplər, o cümlədən Krım məsələsi onun üçün prioritet olaraq qalır. Eyni zamanda, Ukrayna üçün də bu, əsas məsələ olaraq qalır. Bu məsələlər həll edilmədiyi təqdirdə sülh sazişinin imzalanması da mümkünsüz görünür".