"Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur".
Oxu.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır:
"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir".
Bakının Qaradağ rayonu ərazisində güclü toz dumanı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, əsasən, Qobustan qəsəbəsindən paytaxt istiqamətində tozlu külək səbəbindən yollarda görünüş məsafəsi azalıb.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyini proqnozlaşdırmışdı.