Azərbaycan bu gündən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib.
Oxu.Az-ın xəbərinə görə, vizasız rejimdən yararlanan Türkiyə vətəndaşı Yılmaz Dilsiz olub. O, bu barədə redaksiyaya özü məlumat verib: “Bu gün Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etdiyi önəmli bir gündür. Mən də bu məqsədlə ailəmlə birlikdə Türkiyədən Bakıya gəldim. Azərbaycana salam olsun”.
Yılmaz Dilsiz əməkdaşımızla söhbətində bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. Hazırda Bakını gəzən türkiyəli qonaq Bakını çox bəyəndiyini, paytaxtın çox müasir olduğunu, belə təxmin etmədiyini vurğulayıb. Yılmaz Dilsiz Türkiyənin Qaziantep şəhərindən həyat yoldaşı və iki övladı ilə vizasız rejimdən faydalanan və sərhədi ilk keçən türkiyəlidir. O, avtomobilini Azərbaycan və Türkiyə bayraqları ilə bəzəyib.
Qeyd edək ki, Azərbaycan bu gündən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Bununla bağlı qərar bu gündən qüvvəyə minib. Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunub. Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir. Həmçinin, Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları da viza tələbindən azad edilib.
Rəylər