Abşeron rayonu Xırdalan şəhərində yaşayış binasında baş verən uçqun zamanı dağıntılar altında qalan 8 yaşlı Aydan Abbasovanın axtarışları gecə saatlarına qədər davam etdi.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, əvvəlcə hadisə yerinə FHN-in ağır texnikası cəlb olundu. Azyaşlının meyitinin uçqun baş verən ərazidə aşağı mərtəbədə olması dəqiqləşdiriləndən sonra bina söküntü işlərinə başlanıldı.
Aydan Abbasovanı axtarmaq üçün həmin əraziyə xüsusi təlim görmüş itlər də gətirildi.
Ağır texnika işini sona çatdırandan sonra isə axtarışların növbəti mərhələsini xilasedicilər həyata keçirdi. Təxminən gecə saat 03:00 radələrində xilasedicilər balaca Aydanın beton piltələr arasında sıxılıb qalan meyitini tapmağa nail oldular. Meyit həmin yerdən çıxarılaraq hadisə yerində olan təcili yardım maşını ilə morqa göndərildi.