Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
BDU tələbəsinin müəmmalı ölümündə sirr pərdəsi – “Görünməyən bir əl faktları ört-basdır edir?”
Xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı vəfat edib, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı isə ağır vəziyyətdə Respublika Toksikologiya Mərkəzinə çatdırılıb.
Məsələ ilə bağlı Oxu.Az-a müraciət edən Ş.Xasmətovanın atası Faiq Xasmətov hadisədən 62 gün keçməsinə baxmayaraq, qızının ölümü ilə bağlı müəmmanın hələ də müəyyənləşmədiyini bildirib:
“Noyabrın 21-də qızım Şəkər Xasmətova Bakı Dövlət Universitetinin yataqxanasında müəmmalı şəkildə vəfat edib. Həmin gün qızımdan morqda ekspertiza üçün nümunələr götürülüb. Hadisədən iki aydan çox vaxt keçməsinə baxmayaraq, ekspertizanın nəticələri açıqlanmır. Bunun səbəbini bilmirik. Əvvəlcə bizə ekspertizanın cavablarının 30 gün müddətinə çıxacağı bildirilmişdi. Ancaq ekspertizanın cavablarının gecikməsinin səbəbləri bizə açıqlanmır.
Ekspertizanın cavablarını gecikməsi istintaqın da gedişinə mane olur. İşi Bakı Şəhər Prokurorluğunda yaradılmış istintaq qrupu aparır. Dəfələrlə müstəntiqlə və istintaq qrupunun rəisi ilə görüşmüşəm. Ancaq mənə ekspertizanın cavablarını gözləməyi məsləhət görüblər. Bilmirəm, nə qədər gözləməliyəm?
İki aydır balamı itirmişəm, hələ də ölüm səbəbini bilmirəm.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli açıqlama vermişdi ki, bu zəhərlənmə qidadan deyil, toksiki zəhərlənmədir. Bu maddəni tapmaq bu qədər çətindir? Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 62 gün müddətində bir maddəni aşkar etməməsinə necə dözmək olar?
Bu gün bizim başımıza gələn sabah başqalarının başına gələ bilər. Biz bu məsələnin ilk gündən obyektiv araşdırılmasını istəmişik. Heç kimi ittiham etmək fikrində deyilik, çoxlu suallar var, amma cavabları yoxdur. Bu müəmmalı ölümü araşdırmaq üçün 62 gün az müddət deyil”.
F.Xasmətovun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı isə ictimaiyyəti bu işlə bağlı diqqətli olmağa çağırıb:
“Bildiyiniz kimi, Xasmətova Şəkər Faiq qızı noyabrın 21-də müəmmalı şəraitdə vəfat edib. 20 yaşında qızın bu günə hələ də məlum olmayan mənbədən zəhərlənməsinin üstünün açılmaması həm bizə - onun ailəsinə daha da acı çəkdirir, əzabımızı artırır, həm də cəmiyyət üçün təhlükə mənbəyi olaraq qalır.
Təəssüf ki, istintaq aparılması bizə deyilsə də, naməlum səbəbdən ekspertizanın aparılması iki aydır ki ləngiyir. Məhkəmə tibb ekspertizası bu işə xüsusi diqqət göstərməli olduğu halda hazırda istintaqın ləngiməsinin əsas səbəbkarıdır.
Xasmətovlar ailəsində artıq narahatlıq var ki, burada cinayətin araşdırılması yerinə, əksinə, cinayət ört-basdır edilir. Bütün ictimaiyyəti bu işə diqqətli olmağa çağırırıq. İmkan verməyin bu iş ört-basdır edilsin. Bu, həm də sizin üçün təhlükəlidir, çünki bu cinayətin mənbəyi və günahkarları müəyyən edilməsə, başqa qurbanlar da ola bilər”.
Samir İsayev
Mövzuya aid xəbərlər
- AQTA sədri: BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb
- BDU-nun zəhərlənmədən ölən tələbəsi dəfn olundu - FOTO/VİDEO
- BDU tələbələrinin zəhərlənməsi ilə bağlı cinayət işi başlandı
- BDU-da ölümlə nəticələnən zəhərlənmənin təfərrüatı məlum oldu
- BDU-nun yataqxanasında zəhərlənmədən ölən tələbənin adı bilindi - YENİLƏNİB
Rəylər