Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsində yağış sularının axıdılması üçün nəzərdə tutulmuş xəttə qanunsuz kanalizasiya qoşulmalarının edildiyi iddia olunur.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224 12 12) sakinlərin müraciəti daxil olub.
Qeyd olunub ki, ərazidə bir neçə evdən kanalizasiya suları, o cümlədən avtomobillər yuyulan zaman istifadə olunan sabunlu su birbaşa yağış sularını aparan xəttə axıdılır. Bu da xoşagəlməz vəziyyətin yaranmasına səbəb olur.
Müraciətdə bildirilir ki, problemlə bağlı həm bələdiyyəyə, həm də icra nümayəndəliyinə məlumat verilsə də, artıq 5-6 aydır məsələ öz həllini tapmayıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə tullantı su şəbəkəsi mövcud deyil.
"Şəbəkə mövcud olmayan ərazilərdə ətrafda xoşagəlməz qoxu və mənzərə yaratmamaq, həmçinin mövcud su hövzələrini çirkləndirməmək məqsədilə tövsiyə edilir ki, şəbəkənin qurulacağı müddətə qədər hər bir həyətyanı sahədə fərdi "şambo" və ya septik quyulardan istifadə edilsin.
Həmçinin mərkəzləşmiş tullantı su şəbəkəsi olmayan ərazilərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır", - deyə məlumatda bildirilib.