Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Binalar susuz, SAKİNLƏR NARAZI: "Bəs demişdilər, suyu qrafiklə verəcəyik?"
Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş vermiş qəza paytaxt Bakı və Abşeron yarımadasının böyük hissəsini susuz qoyub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, rəsmi qurum suyun fasilələrlə veriləcəyini vəd etsə də, əksər ərazilərdə su təchizatı tamamilə dayanıb və minlərlə sakin çətin vəziyyətlə üzləşib.
Redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdə paytaxt sakinləri, xüsusilə çoxmərtəbəli binalarda yaşayanlar dözülməz vəziyyətdən narazılıqlarını bildiriblər. Şikayətçilərdən biri vəziyyəti belə təsvir edir:
"Bizə demişdilər ki, su fasilələrlə veriləcək. Amma 6-cı mikrorayon ərazisində dünəndən su gəlmir. Evdə yaşlı insan, körpə uşaq var. Səkkizinci mərtəbədə yaşayırıq. Niyə bu insanları nəzərə alan yoxdur? Fasilələrlə də su verilmirsə, su ehtiyatımızı necə götürək?"
Digər şikayətçi isə metronun "Elmlər Akademiyası" stansiyası ətrafındakı yaşayış binalarına suyun verilmədiyindən şikayətçi olub:
"Şəhərin mərkəzində, bu qədər insanın yaşadığı binalarda gün ərzində bircə dəfə də olsa, su verməyiblər. Bəs demişdilər ki, qrafiklə veriləcək su? Ayın 20-nə kimi susuz necə yaşasınlar bu insanlar?"
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq baş vermiş qəza nəticəsində hazırda Bakı şəhərinin bir sıra ərazilərində içməli suyun verilməsində çətinliklər yaşandığı təsdiqlənib.
"Qəzanın miqyası və mürəkkəbliyi nəzərə alınaraq, sözügedən su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına böhran vəziyyəti qrafikinə uyğun olaraq növbəlilik əsasında su ilə təminatına çalışılır. Bu cür hallarda suyun paylanması mövcud resurslara uyğun şəkildə, daha çox əhalinin minimum ehtiyaclarının qarşılanması prinsipinə əsasən həyata keçirilir. Təəssüf ki, bəzi ünvanlarda texniki və infrastruktur imkanlar səbəbindən fasiləli də olsa, suyun verilməsində məhdudiyyətlər yaşanır".
Əzizə İsmayılova