Yay aylarında çoxmənzilli binaların həyətlərində avtomobil və ya xalça yuyanlara tez-tez rast gəlinir.
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu xalça və ya maşınların binaların həyətində yuyulması ilə bağlıdır.
Öncəliklə onu qeyd etmək lazımdır ki, Azərbaycan qanunvericiliyində sözügedən hərəkətləri qadağan edən konkret müddəa yoxdur.
Lakin bu, istənilən yerdə və istənilən şəkildə avtomobil və ya xalça yumağın qanuni olması demək deyil. Konkret vəziyyətdən asılı olaraq müxtəlif hüquqi normalar tətbiq oluna bilər.
Avtomobil və ya xalça yuyulması zamanı yaranan çirkab sularının birbaşa torpağa axıdılması ekoloji baxımdan da əhəmiyyət daşıyır. Avtomobil yuyarkən çirkab suya təkcə avtomobil şampunu deyil, eyni zamanda, mühərrik yağı və sürtkü materiallarının qalıqları, yanacaq izləri, əyləc və təkər aşınmasından yaranan hissəciklər, yolun üzərində toplanmış müxtəlif çirkləndiricilər qarışa bilər. Xalça yuyulduqda isə yuyucu vasitələr, toz, kir və digər çirkləndiricilər su ilə birlikdə torpağa düşə bilər.
Lakin bu maddələrin torpağa düşməsi hər bir halda hüquqi mənada torpağın çirkləndirilməsi demək deyil. Məsuliyyət yalnız torpağın həqiqətən çirkləndirildiyi müəyyən edildikdə yarana bilər.
Bu hal sübut olunduqda isə həmin şəxslər cərimələnə bilərlər.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, torpaqların tullantılarla zibilləndirilməsinə, kimyəvi maddələrlə, çirkab suları ilə çirkləndirilməsinə və ya bakterial-parazitik, yaxud zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 7 500 manatdan 10 000 manatadək məbləğdə cərimə edilirlər.