Argentina hökuməti ölkə vətəndaşları haqqında düşmənçilik xarakterli ifadələr işlədən əcnəbiləri deportasiya edəcək və ya onların ölkəyə girişinə icazə verməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanasının yaydığı məlumata əsasən, müvafiq fərmanı Argentina Prezidenti Xavyer Miley imzalayıb.
Bildirilib ki, analoji məhdudiyyətlər Argentinanın dövlət rəmzlərini təhqir edən və ya onlara qarşı hörmətsizlik nümayiş etdirən şəxslərə də şamil olunacaq.
Qəbul edilən sənəd artıq rəsmi hökumət bülletenində dərc olunub.
Bununla yanaşı, Argentina mətbuatının yaydığı məlumata görə, bir qrup argentinalı vəkil Braziliyaya səfəri ilə əlaqədar Xavyer Mileyə qarşı məhkəmə iddiası qaldırıb.
İddia ərizəsində bildirilir ki, Miley Braziliyada Flavio Bolsonarunun namizədliyini dəstəkləmək məqsədilə keçirilən müxalifət tədbirində iştirak etmək üçün prezidentə məxsus təyyarədən və dövlət büdcəsinin vəsaitlərindən istifadə edib.