“Küləkli hava şəraiti belə ağacların sınması və aşması üçün təhlükə yaradır”.
Binəqədi rayonu Mir Cəlal küçəsi 109 ünvanında ağacların kəsilməsi ilə bağlı xəbər yayılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, ETSN-nin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova araşdırmanın nəticəsi barədə açıqlama verib.
O bildirib ki, sözügedən ünvanda 6 ədəd qovaq ağacının qəzalı vəziyyət yaratması ilə bağlı ETSN-nin 168 saylı qaynar xəttinə müraciət daxil olub:
“Nazirliyin əməkdaşları sözügedən əraziyə baxış keçirib, nəticədə 6 ədəd qovaq ağacının həqiqətən də qəzalı vəziyyət yaratması məlum olub. Belə ki, qovaq ağacı 20-25 metr hündürlüyə çatdıqda təhlükə yaradır. Yəni küləkli hava şəraiti belə ağacların sınması və aşması üçün təhlükə yaradır.
Buna görə və həm də həmin ağacların inkişafdan qalmasını nəzərə alaraq onların sınma təhlükəsi yaradan gövdələrinin üst hissəsində təhlükəsiz səviyyəyə qədər yəni 5-6 metr hündürlükdə budanmasına nazirliyin Dövlət Ekspertiza İdarəsi tərəfindən icazə verilib”.
15:08
Binəqədi rayonunda bu gün səhərdən etibarən ağackəsmə “əməliyyat”ına başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya oxucular məlumat verib.
Onların sözlərinə görə, bu gün səhər saatlarında Mir Cəlal küçəsi 109 ünvanında ağaclar kütləvi şəkildə kəsilib.
Hazırda ağacların kəsilməsi prosesi davam edir.
Qafqazinfo məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxlayıb. İ.İbrahomova bildirib ki, hadisə araşdırılacaq:
“Nazirliyin müfəttişləri həmin əraziyə göndəriləcək. Nəticə barədə ictimaiyyətə məlumat verəcəyik”.
Xatırladaq ki, bir müddət əvvəl prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində ağacların kəsilməsi ilə bağlı sərt çıxış etmişdi. Prezident qeyd etmişdi ki, ictimaiyyəti də, onu da narahat edən məsələ ağacların kəsilməsi məsələsidir:
“Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm.
Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.
Oxu.Az kəsilmiş ağacların fotolarını təqdim edir: