Ali Məhkəmədə Abşeron rayonunun Məmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya protestinə baxılıb.
Oxu.Az-ın xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Ali Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını tamamilə ləğv edib, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.
Qeyd edək ki, V.Nəbiyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, bir neçə vətəndaşa 100 min manat miqdarında maddi ziyan vurmaqda, onların pullarını mənimsəməklə ələ keçirməkdə ittiham olunub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və V.Nəbiyev məhkəmə zalında həbs olunub.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, ona şərti cəza verilib və V.Nəbiyev məhkəmə zalından azadlığa buraxılıb. V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman eyni əmələ görə ona və bələdiyyənin keçmiş üzvü Nazim Pənahova qarşı daha bir cinayət işi başlanılıb.
V.Nəbiyev bələdiyyə sədri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deməklə ondan 23 min manat pul alıb. Bundan sonra V.Nəbiyev vədinə əməl etməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib.