Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bir günə 205 ABORT - Valideynlər niyə qız uşaqlarının qatilinə çevrilirlər?
Azərbaycanda ötən il 73 min 816 abort qeydə alınıb. 2022-ci ildə isə bu göstərici 58 min idi.
Dövlət Statistika Komitəsinin digər məlumatına əsasən, ötən il 112 min 620 nəfər doğulub. Onun 59 min 814‑ü oğlan, 52 min 806‑sı isə qızdır. Cinslər arasındakı fərq 7 008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
Selektiv abortların əhali sayına nisbətinə görə ölkəmizin dünya ölkələri arasında liderlik etdiyi hamımıza məlumdur.
Bu da gələcəkdə ölkəmizdə qadınların azalacağının mesajıdır. Belə sosial problemlə üz-üzə qalan cəmiyyətin qız uşaqlarına mənfi münasibəti nədən qaynaqlanır?
Müdrik atalarımızın dediyi, örnək götürüləsi ifadələr var. Bununla yanaşı zərərli söz və adətlərimiz də mövcuddur. Öyülən toy adətləri içərisində geniş yayılan "gəlin gətirdi" mərasimində nənələr, bibilər, xalalar uca səslə, xorla ürəkdən "yeddi oğul istərəm, bircə dənə qız, gəlin" ifadəsini işlədirlər. Xora qoşulan qadınlar bilərəkdən və bilməyərəkdən şüuraltına bu cür mesajlar ötürməklə gələcəkdə doğulacaq qız uşaqlarının hələ ana bətnində qatilinə çevrilirlər.
Ancaq qız uşaqları dünyaya gətirdiyi üçün ərin, qayınana və qayınatanın evdən qovduğu, boşanmağa məcbur etdiyi qadınların hekayələrini az eşitməmişik.
Xəstəxanalarda doğulan oğlan uşağına görə ikiqat muştuluq alan da, verən də bizik.
Bunlar selektiv abortun qadağan olunduğu Azərbaycanda rast gəldiyimiz nümunələrdir.
Ölkədə abort tələb əsasında hamiləliyin 12 həftəsinə qədər, xüsusi hallarda isə 12-28 həftə arasında qanunidir.
Bəs abortların sayının artmasının başqa hansı səbəbləri var və selektiv abortlarla necə mübarizə aparılmalıdır?
Mövzu ilə bağlı Bizim.media-ya danışan ginekoloq Rəşad Sultan deyib ki, selektiv abort cinayətdir:
"Abort və selektiv abort tamamilə fərqli məfhumlardır. Selektiv abort, cinsiyyətə görə uşaq seçmək böyük biabırçılıqdır, bəşəriyyət qarşısında cinayətdir. Bir valideynin uşaq seçməsi qədər absurd heç nə yoxdur. Selektiv abort bir cəmiyyətin nə qədər geri qalmasının göstəricisidir".
Həkim abortların sayına təsir edən digər səbəblərə də toxunub:
"Abortların çox olma səbəbi ailə planlamalarına yetərincə diqqət yetirilməməsidir. Biz ginekoloqların da burada günah payı var. Bizə müraciət edən hər pasiyentə və ya doğuşdan sonra evə göndərdiyimiz hər zahıya ailə planlaması deyə bir məfhum olduğunu deməliyik. Ona hamiləlikdən qorunmanın tibbi üsullarını öyrətməliyik. Bu bizim həkim kimi vəzifəmizdir. Ondan başqa bu maarifləndirmə cinsi yetişkənlik dövründən orta məktəblərdən başlamalıdır.
Ürək xəstəlikləri, onkologiya sahəsində necə maarifləndirmə varsa, arzuolunmaz hamiləlikdən qorunma da bu şəkildə hər instansiyada təbliğ olunmalıdır. Sağlam qidalanmadan danışarkən çox su içməyi tövsiyə etdiyimiz kimi, yeniyetmələrin cinsi tərbiyəsinə və o tərbiyənin içərisində arzuolunmayan hamiləlikdən qorunmaqdan da danışmalıyıq.
Bu gün yeniyetmələrin cinsi tərbiyəsindən danışanda hamı əxlaq polisi kəsilir. Halbuki bu, bioloji bir tələbatdır, biz bunu mühakimə edəcək adamlar deyilik. Arzuolunmaz hamiləliklərdən və cinsi yolla keçən xəstəliklərdən qorunmaq bir qırağa qalıb, onun-bunun başına ağıl qoymaqla məşğul oluruq. Lazım gələrsə, dövlət səviyyəsində hamiləlikdən qoruyan həblərdən də pulsuz paylanıla bilər".
O, abortun qadağan olunmasının başqa problemlərə yol açacağını qeyd edib:
"Bizim millət hər şeyi qadağalarla həll eləməyə meyillidir. Abortu yasaqlamaq çox böyük yanlış olar. Bu gün qanun tibb müəssisələrində dölün 12 həftəyə qədər abort olunmasına icazə verir. Yasaqlansa, o zaman kriminal, yəni tibb müəssisələrindən kənar abortların sayı artacaq. O da daha böyük ağırlaşmalara gətirib çıxaracaq.
Abort bir ailə planlaması metodudur. Biz abortu cərrahi müdaxilə və riskləri olduğuna görə pisləyirik. Biz deyirik ki, heç hamilə qalmamaq hamilə qalıb abort olunmaqdan daha yaxşıdır. Amma biz ailə planlamasının əleyhinə deyilik. Ailə planlaması bir qadının haqqıdır".
"Abort" teqi üzrə xəbərlər
- 21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü
- 2500-dən çox azyaşlı ABORT etdirib - Bəs onlarla münasibətdə olan şəxslər cəzalandırılmalıdırmı?
- Abortlarla bağlı dəhşət saçan statistika: "Günahdır" deməklə məsələ həll olunmur"
- Yarım ildə 42 min uşaq necə qeyb olur? - "Elə qanun lazımdır ki, yüksək cəriməyə əsaslansın"
- Ekspert: "Oğlan uşağı arzusu bəzilərini qatilə çevirir"
Rəylər