Son günlər günün pik saatlarında "Bolt" taksi qiymətlərində müşahidə olunan qiymət artımı müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, ən qısa məsafələrdə belə qiymətin xeyli yüksək olduğu nəzərə çarpıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Bolt" şirkətinin Azərbaycandakı xidmətinin rəhbəri Naim Əzizov qiymət siyasətlərində hər hansı dəyişiklik və minimum qiymətdə artım olmadığını bildirib.
O, taksi xidmətlərinin dinamik qiymət prinsipi əsasında işlədiyini vurğulayıb.
"Tələb və təklif arasında balanssızlıq olduqda pik əmsallardan istifadə edərək "ride-hailing" xidmət alqoritmləri onu balanslaşdırır. Bu o deməkdir ki, tələbin (sifarişçilərin sayı) çox sürətlə artdığı və təklifi (sürücülərin sayını) üstələdiyi bir şəraitdə səfərin yekun dəyəri də arta bilər. Vaxt keçdikcə tələb və təklif balansı bərpa edildikdə qiymət avtomatik olaraq azalacaq", - deyə N.Əzizov bildirib.
Şirkət təmsilçisinin sözlərinə görə, taksidə gedişin dəyəri aşağıdakı amillər əsasında formalaşır: baza tarifi (avtomobilin qəbul məntəqəsinə gəlişinin dəyəri), gedişə sərf olunan vaxt üçün gediş haqqı, yürüş və dinamik əmsallar və sair. Qiymətlərə balanssızlıq şəraitində tələb və təklif arasındakı vəziyyət də təsirini göstərir.
"Sürücü səyahətin təxmini dəyərini görə bilər. Amma son qiymət fərqli ola bilər, bu da avtomobilin marşrutda pis hava şəraiti, yol işləri, tıxaclar və s. səbəbindən gecikməsi ilə bağlı ola bilər. Yaxud da, məsələn, istifadəçi alternativ marşrut təklif edir və səfər zamanı təyinat yerini dəyişir. Ümumiyyətlə, hər hansı səfərin yekun dəyəri düsturla müəyyən edilir: baza dəyəri ("təchizat") + məsafəyə görə xərc + səyahət vaxtına görə xərc + X faktoru", - deyə şirkət təmsilçisi bildirib.
Əzizə İsmayılova