Bakıda taksi sürücüsü uşaqlı sərnişini yolda düşürüb.
Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, sərnişinin sözlərinə görə, o, taksi sifariş edib və avtomobilin gəlməsi üçün təxminən 8 dəqiqə gözləyib. Taksi gəldikdən sonra azyaşlı uşağı ilə birlikdə avtomobilə əyləşib.
İddiaya görə, sürücü əvvəlcə sərnişinlə kobud davranıb. Ardınca, təxminən 5-6 dəqiqə yol getdikdən sonra sürücü qəfil - "mən uşaqlı adam götürmürəm", - deyərək avtomobili saxlayıb.
Sərnişin sürücüdən belə vəziyyətdə nə etməli olduğunu soruşsa da, sürücü onun avtomobildən düşməsini istəyib.
Hadisənin baş verdiyi avtomobilin dövlət nömrə nişanının 77-UY-148 olduğu bildirilir.
Sərnişin sürücünün bu davranışından narazı qalaraq məsələ ilə bağlı tədbir görülməsini istəyib.
"Bolt" şirkətinin mətbuat xidmətindən bildirilib ki, şirkətin əsas məqsədi sərnişinlər və tərəfdaş sürücülər üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir.
"Platforma üzərindən qəbul edilmiş sifarişlərin məsafəsindən və ya ödəniş üsulundan asılı olmayaraq yerinə yetirilməsi gözlənilir.
Sürücünün sərnişindən əlavə ödəniş tələb etməsi, sifarişi ləğv etməsini istəməsi, əsassız səbəbdən sifarişi ləğv etməsi, sərnişinə qarşı qeyri-peşəkar davranması, o cümlədən narahatlıq yaradan şəxsi suallar verməsi və ya hər hansı digər uyğunsuz davranış nümayiş etdirməsi platformanın qaydalarına ziddir və qəbuledilməzdir. Bu kimi hallarla qarşılaşan sərnişinlərdən hadisə barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Daxil olan hər bir müraciət araşdırılır və qaydaların pozulduğu təsdiqləndiyi hallarda müvafiq tədbirlər görülür.
"Bolt"un dəstək xidməti daxil olan bütün müraciətləri araşdırır. Şikayət təsdiqləndiyi təqdirdə sürücü ilə əlaqə saxlanılır, bu hallar onun reytinqinə təsir göstərir və təkrarlanarsa, hesabın deaktiv edilməsinə qədər tədbirlər görülə bilər.
Qeyd etmək istərdik ki, "Bolt" sürücülərlə mütəmadi olaraq kommunikasiya aparır, onlara platforma qaydaları, müştəri məmnuniyyətinin əhəmiyyəti və peşəkar xidmət standartları barədə məlumatlar təqdim edir. Məqsədimiz həm sərnişinlərin rahatlığını və təhlükəsizliyini, həm də platformada göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə saxlamaqdır".