2018-ci ildən fəaliyyətə başlayan “Azərxalça” ASC-nin Şabran filialında 184 xalça istehsal edilib.
Bu barədə jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin Şabran filialının direktoru Vəliyeva Kəbirə məlumat verib.
Onun sözlərinə görə 2018-ci ilin noyabrından bu günə qədər emalatxana cəmi bir il, pandemiya dövründə fəaliyyətsiz qalıb:
“Emalatxananın ümumi kollektivi 50 nəfərdən ibarətdir. Onlardan 44-ü toxucu xanımlar, altı nəfəri isə texniki işçidir. Xalçalar sifariş əsasında toxunur. Xalçaların üzərində əsasən Şabran, Quba, Xaçmaz çeşnilərindən istifadə edilir. Toxunma prosesi toxucudan asılı olaraq dəyişir. Xalçalar müxtəlif ölçülərdə toxunur. Standart ölçülərdə olan xalçanı tək və ya dörd nəfər toxucu birlikdə də toxuya bilir”.
K.Vəliyeva onu da əlavə edib ki, xanım işçilərə “Azərxalça” ASC-nin rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılır:
“Belə ki, bölgələrdə xanımların işləməsi ilə bağlı müəyyən çətinliklər yaşanır. Lakin “Azərxalça” ASC emalatxanaları bu mövzuda istisna hal təşkil edir. Çünki xanımların emalatxanaya gətirilməsinə xüsusi nəqliyyat vasitəsi ayrılır, iş saatı bitdikdən sonra isə toxucu xanımlar həmin nəqliyyat vasitəsi ilə evlərinə geri qaytarılır”.
Könül Cəfərli
FOTO: Ramil Yunus