Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı reper Orxan Zeynallı Zəfər Günü ərəfəsində Budapeştdə öz dinləyiciləri üçün konsert proqramı ilə çıxış edib.
Azərbaycan hüdudlarından kənarda ilk konsertini verən Orxan Zeynallı 400-ə yaxın azərbaycanlını bir araya toplayıb. Azərbaycan Diasporuna Dəstək Fondunun da dəstəyi ilə baş tutan konsertə Budapeştdə yaşayan azərbaycanlılarla yanaşı, Polşa, İsveç, Belçika, Niderland, Litva, İngiltərə, Estoniya, Almaniya, İtaliya, Çexiya, Fransa, Gürcüstandan və eyni zamanda Azərbaycandan da həmvətənlərimiz qatılıblar.
Reperin xüsusilə “40-cı paralel”, “Torpaqdan ev” kimi milli vətənpərvərlik ruhunda olan və milli dəyərlərimizin təbliğinə həsr olunmuş mahnıları böyük rəğbətlə qarşılanıb. İki saata yaxın davam edən konsertdə Orxan Zeynallı sevilən mahnılarını dinləyiciləri ilə birlikdə ifa edib.
Konsertin növbəti günü Budapeşt Azərbaycan Evində Orxan Zeynallının dinləyiciləri ilə maraqlı görüşü olub. Yaxın gələcəkdə digər ölkələrdə də reperin yeni konsertlərinin keçirilməsi planlaşdırılır.
Rəylər