Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bütün bəlaların səbəbi yoxsulluqdur!
Qan Turalı yazır...
Qlobal problemlər bitib-tükənmək bilmir. Bu problemlər hər gün başqa bir coğrafiyada, başqa bir qiyafədə qarşımıza çıxır. Bir tərəfdən radikalizm, ifrat sağın yüksəlişi, digər tərəfdən epidemiyalar, müharibələr, qıtlıq, saxta xəbərlər, konspiralogiya nəzəriyyələri...
Ancaq bütün bunların əsas səbəbi kimi yoxsulluğu görürəm. Yoxsulluq dünyanın qarşısında dayanan ən ciddi problemdir. Və yoxsulluq var olduğu müddət ərzində qlobal problemlərin bir çoxu da var olacaqdır.
1970-ci illərin Türkiyəsi ilə bağlı videolara baxıram. Danışanlar ailələrinin onları 6-7 yaşında kafelərə işçi kimi verdiyini bildirirlər. Səbəb isə dəhşətlidir - "Heç olmasa qarınları doysun". 6-7 yaşlı uşaqların aclıq çəkdiyi bir coğrafiyada əlbəttə ki, radikalizm göydəndüşmə deyil. Başqa necə ola bilər ki? İnsanların, valideynlərin və hətta uşaqların itirəsi heç nəyi yoxdur. Bir insanın itirməyə heç nəyi yoxdursa, o, ən qorxulu insandır.
Əlbəttə ki, Türkiyənin o ağır, o çətin günləri geridə qalıb.
Yaxın Şərq ölkələrində axan qan uzun illərdir ki dayanmır, silahlar susmur. Havadan barıt qoxusu çəkilmir. Bunun da səbəbi birbaşa olaraq yoxsulluqdur. Hər şeydən əvvəl yoxsul ölkələrdə insan həyatının heç bir qiyməti olmur. Ailələr bir boğaz azalsın deyə qızlarını erkən yaşlarda ərə verirlər. Bəzən hətta "başlıq pulu" adı ilə satırlar da.
Yoxsulluğun digər bir ağır nəticəsi isə təhsilsizlikdir. Bu cür ölkələr təhsilə heç bir ciddi vəsait ayıra bilmir. Hansısa möcüzə sayəsində təhsil alanlar üçün ölkədə heç bir iş yoxdur. Onlar da məcbur qalıb xaricə üz tuturlar. Nəticədə, insanlara özünü reallaşdıracaq heç bir məkan qalmır, heç bir variant da qalmır.
"Bənazir üçün üç mahnı" (Three Songs for Benazir) adlı bir əfqan filmi var. Qısametrajlı və sənədli bir filmdir. "Netflix"də var. "Oskar"a da düşüb. Film sadə, adidən də adi bir oğlan haqqındadır. Onun adı Şaistadır. Şaista Əfqanıstan ordusuna qoşulmaq istəyir. Ordu da onu qəbul edir. Ancaq atası buna razı deyil. Çünki söhbət ABŞ-nin qurduğu ordudan gedir. Talibandan qorxurlar. Hərçənd, haqsız da deyillər. Şaista da məcbur qalıb narkotik plantasiyalarında işləməyə gedir. Bir müddət sonra isə narkotikə qurşanır. Belə bir filmdir, baxmaqda fayda var.
Məsələ bu qədər sadədir. Bütün Avropa ifrat sağın yüksəlişindən danışır. Saxta nəzəriyyələr aləmi götürüb. Hamı istədiyinə inanır. Həqiqətin üzünə baxan da yoxdur. Sosial şəbəkələrdə saxta xəbərlər yayılır. İnsanlar bu xəbərlərin düz, ya da səhv olduğunu mühakimə belə etmirlər. Səbəb nədir? Təhsilsizlik. Yəni yoxsulluğun bir başqa təzahürü... Elementar xəritə biliyi olmayan insanlar geopolitikadan danışırlar. VI sinif səviyyəsində tarixi məlumatı olmayanlar siyasətdən danışır, avamlar da əl çalır, alqışlayırlar.
Bu təzahür Yaxın Şərqə də eynilə aiddir. Bu ölkələr hələ də öz təhsil problemlərini həll edə bilməyiblər. Bunun nəticəsində də radikalizm sürətlə artır, daim özünə tərəfdar tapır və nəticədə dini fundamentalizm ağır nəticələr yaradır. Halbuki, Quran başda olmaqla islam dinin bütün kanonik mətnləri ərəb dilindədir. Onların doğma dilindədir. Ancaq bununla belə islam dinini düzgün başa düşə bilmirlər. Kitabdan düzgün nəticə çıxara bilmirlər. Ona görə də radikalların arxasınca gedirlər. Yaxın Şərqi məzhəb savaşlarının meydanına çevirən də bu radikalizmdir, bu savadsızlıqdır.
Bir sözlə, yoxsulluq bütün bəlaların anasıdır və onunla mübarizə aparmaq bəşəriyyətin gələcəyinə qoyulan ən yaxşı investisiyadır.
Rəylər