Bu gün Cenevrədə BMT-nin Qadınların diskriminasiyasının aradan qaldırılması üzrə komitəsi işinə başlayıb.
Oxu.Az BMT-nin radiousuna istinadən xəbər verir ki, martın 6-na qədər davam edəcək sessiyada komitə üzvləri müvafiq konvensiyanın yerinə yetirilməsi ilə bağlı səkkiz dövlətin hesabatını müzakirə edəcək. Bu ölkələrin siyahısına Azərbaycan və Qırğızıstan da daxildir.
Qadınlara qarşı diskriminasiyanın bütün formalarının – siyasi, iqtisadi, sosial və mədəni həyatda - aradan qaldırılması haqqında BMT-nin konvensiyasına qoşulmuş bütün dövlətlər mütəmadi olaraq öhdəliklərinin yerinə yetirilməsi barədə hesabatla çıxış edirlər.
Komitə 23 müstəqil ekspertdən ibarətdir ki, onlar müzakirələrin sonunda ölkələrə tövsiyə verəcək.
Konvensiya 1979-cu ildə qəbul edilib və iki ildən sonra qüvvəyə minib. Bu gün 188 dövlət konvensiyanın iştirakçısıdır.