“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən, bu gün Xəzərin Türkmənistan sahillərində meyiti tapılan neftçinin kimliyi məlum olub.
FHN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, meyiti tapılan şəxsin 10-cu dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlu olduğu müəyyənləşdirilib.
Qeyd edək ki, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib.
Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətinə aparılıb.
16:09
Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Türkəmənistanda tapılan neftçinin meyitinin ölkəyə gətirilməsi üçün yola çıxıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti aşkar edilib.
Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Roşan” gəmisinə məlumat ötürülübvə cəsəd gəminin göyərtəsinə qaldırılaraq hazırda Türkmənbaşı dəniz limanı istiqamətinə aparılır. Cəsədin üzərində olan xisusi qeyimdə “AZ SOCAR” yazısı müəyyən edilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi üçün hazırlıq işlərinə başlanılıb.
15:33
Yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatda bildirilir.
Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikaya gətirilməsi üçün tədbirlər görülür.
Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.