Milli Məclisin iclasında deputat Tahir Kərimli Azərbaycan xalqının koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirdiyini bildirib.
Oxu.Az-ın məlumatına görə, T.Kərimli qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna minnətdardır.
“Mən neçə gündür deputat seçildiyim rayondayam, görürəm ki, insanlarda Prezident və Birinci vitse-prezidentə necə xoş münasibət, böyük sevgi var”, - deyə T.Kərimli əlavə edib.
Deputat söyləyib ki, xüsusi karantin rejimində hamı bir-birinə kömək edir:
“Əvvəl polis qapını açanda qorxurdular ki, görəsən, nə olub? Amma indi polis qapını yardım etmək üçün açır”.
T.Kərimli radikal müxalifətə də səslənib:
“Müxalifət, dövlət sənə əlini uzadıb. Bəsdir, tərslik etməyin, gəlin, birlikdə işləyək. Onsuz da sizin hakimiyyətə gəlmək potensialınız və imkanınız yoxdur”.
Aqşin Kərimov