Milli Məclisdə özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirdiyi fikirlər müzakirə edilib.
Oxu.Az xəbər verir ki, deputat Fəzail Ağamalı və Fəzail İbrahimli Nərmin Şahmarzadənin fikirləri ilə bağlı sərt çıxış ediblər.
Deputatlar Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pisləyiblər.
F.Ağamalı son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır:
“Bu, həm Avropada yerləşən anti-Azərbaycan qüvvələri tərəfindən, eyni zamanda, ən müxtəlif layihələrlə Azərbaycanın bəzi gənclərinin beyinlərinin yuyulması hesabına həyata keçirilir. Dövlət başçısı, ayrı-ayrı məmurlar, deputatlar, ziyalılar, vətənpərvər qüvvələr, xüsusən müqəddəs olan şəhidlərimiz belə təhqir olunur.
Əlbəttə, bütün bunlara qarşı Azərbaycanın dövlət təhlükəsizliyində mühüm rol oynayan hüquq-mühafizə orqanları artıq ciddi hərəkətə keçməlidir, bu cür insanlara qarşı Azərbaycan qanunları çərçivəsində konkret və ciddi addımlar atılmalıdır”.
F. İbrahimli vurğulayıb ki, Mübariz İbrahimovun qohumları və ailəsi onun seçildiyi dairədə yaşayırlar:
“Bu məsələni gündəmə gətirməyəcəkdim. Çünki bu məsələ parlamentdə müzakirə olunmağa layiq deyil. Ancaq həmin bölgənin deputatı kimi borcumdur ki, bu məsələyə toxunum. Birincisi, burada genetik kodlar rol oynayır. O, öz dayılarını müdafiə edir. İkincisi, onun özünün psixoloqa, psixiatra ehtiyacı var”.
Spiker Oqtay Əsədov isə deputatlara cavabında bildirib ki, xalqın sosial şəbəkələrdə bu məsələyə hansı diqqət göstərdiyi aydın görünür:
“İnsanlar Milli Qəhrəmana olan münasibətlərini ortaya qoydular. Belə cılız məsələləri Milli Məclis səviyyəsində qaldırmaq, müzakirə etmək düzgün deyil. Bunun əleyhinəyəm. Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? O xanımın cavabını xalq verdi, ona görə də xahiş edirəm, bu məsələnin üzərində çox dayanmayaq”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər