Milli Məclisin deputatı Hikmət Babaoğlunun yol hərəkəti nişanlarında istifadə olunan "STOP" sözünün Azərbaycan dilindəki qarşılığı ilə əvəzlənməsi təklifi ictimai müzakirələrə səbəb olub.
Deputat "Dayanmadan keçmək qadağandır" nişanındakı "STOP" sözünün əvəzinə "DUR" və ya "TOXTA" ifadələrinin işlədilməsini təklif edib. Onun fikrincə, "DUR" əmr formasında olduğu halda, "TOXTA" sözü dayanmaq, nəfəs dərmək və daha sonra hərəkəti davam etdirmək kimi məna çalarlarını özündə birləşdirir. Lakin təklif birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə müzakirələrə qoşulanlar arasında təşəbbüsü dəstəkləyənlərlə yanaşı, onun məqsədəuyğun olmadığını düşünənlər də var. Etiraz edənlərin bir qismi "STOP" sözünün beynəlxalq yol nişanı kimi tanındığını, dəyişiklik zamanı sürücülər və xarici vətəndaşlar üçün anlaşılmazlıq yarana biləcəyini bildirir.
Bəs deputat bu təklifini hansı arqumentlərlə əsaslandırır? "TOXTA" sözünün yol nişanında istifadəsi beynəlxalq standartlara zidd deyilmi və ictimai etirazlar onun mövqeyinə təsir edibmi?
Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, Azərbaycan Prezidenti çıxışlarında daim Azərbaycan dilinin zənginliyindən və onun inkişaf etdirilməsinin vacibliyindən danışır:
"Dövlət başçısı 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında da bildirdi ki, əgər dilimizdə qədimdən mövcud olan söz varsa, onu başqa sözlə əvəzləməyə ehtiyac yoxdur.
Bu, Azərbaycan Prezidentinin ana dilimizə göstərdiyi həssas münasibətin ifadəsidir. Mənim təklifim də məhz dövlət başçısının bu çağırışına əsaslanır. Hesab edirəm ki, yol nişanlarındakı "Stop" sözünün əvəzinə "Toxta" sözünün işlədilməsi daha məqsədəuyğun ola bilər.
"Yol nişanları və siqnalları haqqında" Vyana Konvensiyası 1968-ci ildə qəbul edilib. Azərbaycan da 2011-ci ildə bu Konvensiyaya qoşulub. Müzakirə etdiyimiz "Stop" nişanı Konvensiyanın birinci əlavəsində təsvir olunur. Həmin müddəada səkkizbucaqlı, qırmızı fonlu nişanın üzərində ağ rəngdə "STOP" sözünün ingilis dilində və ya müvafiq dövlətin dilində yazılması nəzərdə tutulur.
Yəni, Konvensiyanın ilkin mətnində bu sözün dövlətin öz dilində yazılmasına imkan verilir. Beləliklə, mənim təklifim beynəlxalq hüquqla ziddiyyət təşkil etmir. Əksinə, beynəlxalq sənəddə nəzərdə tutulan milli dil imkanının müzakirəyə çıxarılmasıdır. Burada əsas məsələ nişanın forması, rəngi və funksiyasıdır. Üzərindəki yazının hansı dildə olması da Konvensiyanın müvafiq müddəasında göstərilib.
Beynəlxalq hüquqla bağlı fikirlər səsləndirənlərə tövsiyəm budur ki, əvvəlcə müvafiq sənədləri oxusunlar, öyrənsinlər, sonra şərh etsinlər".
Deputat əlavə edib ki, dilimizdə hərəkətin tərzini ifadə edən feillər mövcuddur:
"Dilimizin semantik imkanları genişdir və sözlər müxtəlif məna çalarlarını özündə birləşdirə bilir. "Dur" və "Dayan" əmr formalarıdır. Bu sözlər hərəkətin dayandırılmasını bildirir. "Toxta" sözü isə mənim fikrimcə, daha geniş məna çalarına malikdir: dayan, nəfəsini dər, fasilə ver və sonra hərəkətinə davam et. Görürsünüz, "Toxta" sözü nə qədər gözəl məna ifadə edir? Sosial şəbəkə istifadəçilərini də başa düşürəm. Ola bilsin ki, bəziləri "Toxta" sözünü gündəlik ünsiyyətdə çox işlətmirlər. Bu söz ədəbi dilimizdə də az istifadə olunur və tədricən arxaikləşə bilər. Ancaq unutmaq olmaz ki, dilin zənginliyinin əsas mənbələrindən biri də dialektlər, şivələr və arxaik sözlərdir.
Hesab edirəm ki, səsləndirdiyim fikirdə üç əsas məqam var: beynəlxalq hüquqa uyğunluq, Azərbaycan Prezidentinin dilimizin qorunması ilə bağlı çağırışına dəstək və dilimizin semantik imkanları baxımından daha uyğun sözün seçilməsi.
Bu təklifdən geri çəkilmək fikrində deyiləm. Mən niyə geri çəkilməliyəm? Bir daha qeyd edirəm ki, hər bir cəmiyyətdə fikir istehsalı və təşəbbüskarlıq mühüm əhəmiyyət daşıyır. Təşəbbüskarlığı və ideya rəngarəngliyini boğmaq olmaz. Sadəcə, səsləndirilən fikrin mahiyyətini anlamaq, təklifin hansı məqsədlə irəli sürüldüyünü düzgün qiymətləndirmək lazımdır".