2013-cü ildə DİN-in saxlanması üçün ayrılan bəzi xərc maddələri barədə məlumat açıqlandı.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytında məlumat yerləşdirilib.
Məlumata görə, ötən ildə DİN-in xərclərin ən böyük xərc məqaləsi - nəqliyyat vasitələrinə yanacaq və sürtkü materiallarının alınması idi. Bu xərclər 6,84 mln. manat təşkil edib.
Əhalinin təhlükəsizliyinin, dövlətin hüquqa zidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənməsi məqsədilə videonəzarət sisteminin əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə quraşdırılmasını təmin etmək məqsədilə “Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi”nin genişləndirilməsinə – 5 mln. manat xərclənib.
Bundan əlavə, Bakı və Sumqayıt şəhərlərində əlavə olaraq videomüşahidə kameralarının, “Nömrətanıma”, “Qırmızı işıq”, “Surətölçmə” və “Qoşa xətt” sistemlərinin quraşdırılması məqsədilə - 3,5 mln. manat; kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən müavinətlər -2,6 mln. manat; nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi, sığortalanması, təmiri xərcləri və digər nəqliyyat xidmətləri – 2,5 mln. manat büdcədən vəsait alınıb.
Məlumata görə, DİN-in 2,3 mln. manat – “Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi”, “Elektron sənəd dövriyyəsi”, “102 polisə zəng mərkəzi sistemi”, “Kadr informasiya sistemi” və “İnzibati Xətalar sistemi” kimi layihələrə xidmət göstərilməsi üçün; 2,2 mln. manat - bütün növ mebellərin alınması, quraşdırılması və təmiri ilə bağlı xərclər; 2,0 mln. manat - elektrik enerjisi haqqının ödənilməsi ilə bağlı xərclər təşkil etdi.
Daxili İşlər Nazirliyinin orqan və təşkilatlarının inzibati binalarının əsaslı təmir xərcləri –1,4 mln. manat, bina və tikililərin pasportlaşdırılması, xarici qonaqların qəbulu üzrə tədbirlərin keçirilməsi, təhsil müəssisələri üçün blankların, diplomların, tələbə biletlərinin alınması və digər xərclər isə -1, 29 mln. manat tutub.
Hesabata görə, Daxili işlər orqan və təşkilatları üçün dərman, sarğı ləvazimatlarının və materiallarının alınması – 1,3 mln. manat tibbi avadanlıqların alınmasına – 1, 03 mln. manat pul xərclənib.
Daxili işlər orqanlarının Virtual Tədris Sisteminə qoşulması üçün avadanlıqların alınmasına düz 1, 0 mln.manat xərclənib.
Qalan DİN-in xərcləri 1,0 mln. manatdan aşağı olub.
Gülnarə Zeynalova
www.oxu.az