İndi isə Dubayın məhz böyüklərə edə biləcəyi təkliflər haqqında bir neçə kəlmə...
Şəhərdə gecə həyatı çox qaynardır, mall, restoran, kafe, klublar gecə saatlarına, bəzən isə səhərə qədər açıqdır.
Qeyd etmək lazımdır ki, əgər ucuz şoppinq planlamaq istəyirsinizsə, onda Dubaya getməli deyilsiz, orada qiymətlər çox bahadır. Amma smartfon, planşet və bütün elektron xırdavatı qiyməti daha ucuzdur, həm də Bakıda günün günorta çağı şam işığı ilə tapa bilməyəcəyiniz aksessuarlar və ehtiyat hissələrinin bolluğu göz oxşayır.
Sizi brend geyim və kosmetika maraqlandırırsa, o zaman lazım olan məkandasız. Böyük mall-mağazalarında lüks sinfə aid geyim və kosmetika satılır.
Yorulduqda restoranların birində dincələ bilərsiz, sonra isə qeyri-adi fəvvarə şousuna tamaşa edə bilərsiz.
Dubayın musiqili fəvvarəsi mühəndis və memarlıq fikrinin gözəl ahəngi, səsin, suyun və işığın əsrarəngiz təqdimatıdır. Fəvvarə Bürc Xəlifənin yaxınlığındadır.
Bu, dünyanın ən hündür fəvvarələrindən biridir, suyun hündürlüyü 150 metrə çatır, bu isə 50 mərtəbəli binanın hündürlüyünə bərabərdir. Fəvvarənin 6000 işıqlanma mənbəyi var. Bütün bu gözəllik ənənəvi ərəb musiqilərindən başlayaraq müasir musiqilərə qədər müxtəlif musiqili kompozisiyaların sədaları altında təqdim edilir.
Dubaya gedib Bürc Xəlifəyə getməmək böyük və bağışlanılmaz bir səhv olardı.
Bürc Xəlifə dünyada ən hündür binadır, onun hündürlüyü 828 metrə çatır. Binada 163 mərtəbə var. Formaca göydələn stalaqmiti xatırladır, binanın dizaynını Skidmore, Owings and Merrill memarlıq bürosu işləyib hazırlayıb. Bu büro həmçinin Çikaqoda Uillis-tauer, Nyu-Yorkda 1-ci Ümumdünya Ticarət Mərkəzinin və bir çox digər məşhur binaların dizaynını edib. Layihənin müəllifi amerikan memarı Edrian Smitdir. Göydələnin ilk öncə dünyanın ən hündür binası kimi tikilməsi planlaşdırılırdı və tikinti zamanı binanın uzunluğu sirr olaraq saxlanılırdı. Bu isə lazım olduğu halda korrektə etmək üçün idi.
Düzünü desəm, nə binanın özü, nə ora səfər, nə də yuxarıdan görüntü məndə heç də güclü təəssürat yaratmadı.
Öncə növbədə dayanıb çantaları saxlama kameralarına təhvil verməlisən, sonra isə lift üçün növbəyə durursan. Sonra sıxlaşaraq liftə daxil olub 124-cü mərtəbəyə qalxırsan, bu, heç də ən yuxarı mərtəbə deyil. Baxış meydançası heç də böyük deyil, ona görə də əvvəlcə gələnlər bütün yeri tutub, sonrdan gələnlər isə heç nə görə bilmir.
Görünüş də o qədər ürəkaçan deyil, bəlkə də ora gecə vaxtı qalxmışdıq, o üzdən mən o qədər də təsirlənmədim. Amma çox güman ki, gündüz vaxtı görünüş tam başqadır.
Sonra yenə uzun müddət lift növbəsi gözləyirsən, sonra yenə çanta almaq üçün növbələrdə dayanırsan.
Nəticə belə oldu – bir dəfə qalxmaq olar, amma gündüz saatlarında. Bir daha cəhd etməyi inanmıram ki, kim isə istəyə.
Dubayda getmək lazım olan yerlərdən biri də çox gözəl kanalın ətrafında yerləşən bir neçə otel, bazar və çoxlu sayda kafe və restoranlardan ibarət Madinat Jumeirah kompleksidir. Bütün kompleks ərəb memarlığının ən gözəl ənənələrinə sadiq qalaraq tikilib, açıq rəngli daş binalar, küləkli qalalar – bu, yalnız Ərəb körfəzində rast gəlinən memarlıq-iqlim ixtirasıdır.
Kompleksə otellər və ya ticarət sıraları tərəfdən daxil olmaq mümkündür. Souk Madinat Jumeirah adlanan bu ticarət sıralarında ağlınızdan keçən hər şeyi tapa bilərsiniz – suvenirdən tutmuş geyim və məişət əşyalarına qədər.
Madinat Jumeirah – eləcə də Dubay Venesiyası adlandırırlar – burada abra adlanan ərəb qayıqlarında üzə bilərsiniz. Madinat Jumeirah otelinin qonaqlarını qayıqlarda pulsuz gəzdirirlər, digər müştərilər isə gəzinti üçün müəyyən edilmiş qiyməti ödəməlidirlər.
Gəzinti həddən artıq xoş təəssürat bağışlayır. Xüsusilə də axşam saatlarında, günün çox isti olmayan saatlarında gözəl yeddiulduzlu Bürc-əl-Ərəbə tamaşa etmək olar.
Bu otelin qiymətləri barədə soruşmağa belə qorxdum, belə ki, ərəb avarçəkən bizə Madinat Jumeirah kompleksində hovuzu olan villanın bir gecə üçün qiymətinin 20 000 ABŞ dolları, ən “sadə” nömrənin isə 450-500 dollar olduğunu demişdi.
Sonda isə yerli sakinlər haqqında danışmaq istərdim.
BƏƏ-də deyəsən hamı ingilis dilində danışır, və əgər sizin ingilis dili bazanız bir az da olsa varsa bu ölkədə əziyyət çəkməyəcəksiz.
Bütün xidmət personalı əsasən çox mədəni və yardıma hazırdırlar. Amma onların arasında ərəb görməyəcəksiz - ərəb Əmirlikdə sahibdir, şah və hökmdardır. Eşitdiklərimə görə arzu edən hər kəs BƏƏ-də öz biznesini qura bilər. Vergi demək olar ki, yoxdu, (istisna bank işi və neft sənayesidir) amma bir şərtlə – gəlirin 50%-i hansısa ərəb ölkəsinə sərf ediləcək. Bunun nə dərəcədə düzgün olduğunu mühakimə edə bilmədiyim üçün internetdə də bunun təsdiqini tapmadım.
Gənc ərəblərin arasında çoxarvadlılıq geniş yayılmayıb – onların çoxu Avropa və ya ABŞ-da təhsil alıb, təəccüblü olsa da proqressiv fikirlərin tərəfdarıdırlar. Ona görə də klassik – səhra, dəvə, ərəb və dörd arvad təsvirinin müasir Ərəb Əmirliklərinə heç bir aidiyyatı yoxdur.
Amma BƏƏ-də yaşayan tanışlar yaşlı nəslin belə ənənələrə hələ də sadiq qaldıqlarını deyirlər. Mən iddia etməyəcəm, belə şey görmədim, bəlkə də bu üçgünlük səfərimdə görməyi çatdırmadım.
Təyyarəmiz qalxanda nə vaxtsa səhranın, indi isə gözəl bir şəhərin yerləşdiyi məkana baxaraq özlüyümdə bura qayıdacağımı, həm də dəfələrlə qayıdacağımı düşündüm.
Aliyə İsmayılzadə
www.oxu.az