5 saylı Doğum Evində baş verən ana ölümünün təfərrüatları üzə çıxıb.
Oxu.Az Mövqe.az-a istinadən xəbər verir ki, ötən gün 5 saylı Doğum Evində qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişən Qaradağ Rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşova əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib. Bu Z.Göyüşovanın ikinci hamiləliyi olub.
Qaradağ rayon Ələt qəsəbəsinin 32 nömrəli Şəhər Poliklinikasının baş həkimi Əlisəfa Hüseynov bildirib ki, Z.Göyüşova Ələt qəsəbəsində pasport qeydiyyatında olsa da, Salyan rayonunun Xıdırlı kəndində ərdədir.
Salyan rayon Xıdırlı kəndinin icra nümayəndəsi V.Hüseynov bildirib ki, hadisə gözlənilmədən baş verib:
“Z.Göyüşova bizim kəndə ərə gəlsə də, Ələt qəsəbəsində pasport qeydiyyatında olduğundan, onu doğuş üçün 5 saylı Doğum Evinə göndəriblər. Bu mərhumun ikinci hamiləliyi olub. Onun 2 yaşında evdə bir övladı da var. Z.Göyüşova əməliyyatdan çıxdıqdan sonra həyat yoldaşı da onunla görüşüb. Həkimlər bildiriblər ki, ananın da uşağın da vəziyyəti yaxşıdır, əməliyyat normal keçib.
Z.Göyüşova həyat yoldaşı ilə görüşdən sonra ona doğum evində gözləməyin lüzumsuz olduğunu, evdəki balaca qızından narahat olduğunu söyləyib. Deyib ki, get evə uşağımızın yanına. Həyat yoldaşı onunla görüşdən sonra evinə qayıdarkən, yolda həkimlər ona zəng edərək Z.Göyüşovanın vəziyyətinin qəfil pisləşdiyini, nəfəs almasında çətinlik yarandığını söyləyiblər. Həyat yoldaşı xəstəxanaya çatınca Z.Göyüşova dünyasını dəyişib.
Hələ ki, mərhumə dəfn edilməyib. Ailəsi də şok içindədir. Hamı məəttəl qalıb ki, əməliyyat normal keçibsə, uşaq da salamat qalıbsa necə olub ki, doğuşdan bir neçə saat sonra ana ölüb?
Z.Göyüşova əməliyyatdan iki gün əvvəl doğum evinə yerləşdirilib.
“5 saylı Doğum Evində baş verən ana ölümü hadisəsi Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq. İndidən hadisənin həkimin günahı ucbatından baş verib-vermədiyini söyləmək mümkün deyil. Bu barədə tibbi ekspertizanın rəyindən sonra bir fikir söyləmək olar”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli 5 saylı Doğum Evində qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z.Göyüşovanın ölümünə münasibət bildirərkən söyləyib.
Hadisənin baş verdiyi Doğum Evinin baş həkimi Xədicə Əhmədovanın və əməliyyatı aparan həkimin Səhiyyə Nazirliyinə çağırıldığını bildiriblər. 5 saylı doğum evinin şöbə müdiri Rita İbrahimovanın isə hazırda əməliyyatda olduğu bildirilib. Doğum Evindən əməliyyatı aparan həkimin adını da açıqlamaqdan imtina ediblər:
“Hazırda baş həkim də, əməliyyatı aparan həkim də Səhiyyə Nazirliyindədir. Səhər saatlarında onların hər ikisi nazirliyə çağırılıb. Bizdə isə başqa bir məlumat yoxdur. Yalnız onu bildirə bilərik ki, Qaradağ rayonundan ağır vəziyyətdə olan hamilələr bizim Doğum Evinə gətirilir. Z.Göyüşova da bura gətiriləndə vəziyyəti ağır olub. Qaradağ rayonunda xəstə elə vəziyyəti ağır olduğundan qəbul edilməyib. Ətraflı baş həkim nazirlikdən gəldikdən sonra məlumat ala bilərsiniz. Biz həkimin adını da söyləyə bilmərik”.
Xatırladaq ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində qeydə alınıb. Qaradağ Rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib. Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z.Göyüşovanın səhhəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.